Bir həftə əvvəl Alpine şirkəti A110 kupesinin xüsusi vida buraxılışını təqdim edib. Kupeyə sifarişlər bir il müddətində qəbul ediləcək, onların buraxılış tamamlandıqdan sonra isə, Alpine tamamilə elektromobillərin istehsalına keçəcək. Elektrik xəttinin ilki Alpine A290 hetçbeki olub, bu il isə, model cərgəsi konseptual versiyası keçən payızda nümayiş etdirilmiş A390 krossoveri ilə genişləndiriləcək. İndi şirkət bu modeli sınaqları zamanı çəkilmiş şəkilləri dərc edib və ilk təfərrüatları açıqlayıb.

Alpine şirkətinin baş direktoru Filip Krifin sözlərinə görə, A390 krossoverini yaradan mühəndislər beş yerlik kupeyə bənzər krossoverin praktikliyini orta mühərrikli A110 kupesinin zərif idarələnməsi ilə birləşdirməyi hədəfləyiblər. Krif onların uğur qazandığından əmindir, çünki elektromobil sınaqlarda özünü çox yaxşı göstərib. Hazırda prototiplər Laplandiyada (İsveç) çox aşağı temperaturlarda (mənfi 40 dərəcə Selsiyə qədər), qar və buzla örtülmüş çətin səthlərdə sınaqdan keçirlər.

Belə çətin şəraitlərdə arxa oxda idarəolunan dartma vektorunu həyata keçirməyə imkan verən üçmühərrikli tam ötürmə sistemi xüsusilə diqqəti çəkir. Elektronikanın Track Mode treki rejimi də daxil olmaqla beş hərəkət rejimi var. İlkin məlumata görə, A390 seriya modeli 360 at qüvvəsinə və 90 kilovat/saatlıq dartma batareyasına malik olacaq. Tərtibatçılar elektrik krossoverinin sürətlənmə baxımından ekstremal Alpine A110 R kupesinə yaxın olacağını vəd edirlər.

Alpine A390 krossoverinin ölçüləri də məlum olub: onun uzunluğu 4615 millimetr, eni - 1885 millimetr, hündürlüyü isə, 1532 millimetrdir. Krossover Alpine brendinin yeni korporativ üslubunu nümayiş etdirəcək: xarakterik cəhətlər arasında eninə bəndləri olan nazikləşdirilmiş ön və arxa işıqlandırma texnikası, eləcə də Cosmic Dust LED üçbucaqlarının ön tərəfdəki səpələnməsi var. Yaxşı tənzimlənmiş aerodinamika da vəd edilir.

Salonun yeganə şəklində sükan çarxı göstərilir. O, nappa dərisi ilə üzlənib, “kəsilmiş” aşağı hissəyə və sıfır mövqeyi işarəsinə malikdir. Sükan çarxındakı idarəetmə elementlərinin üçü Alpine Formula 1 yarış bolidlərindən ilham alıb. Bu, qırmızı OV (Overtake) ləçəyi, RCH (Recharge) dəstəyi və hərəkət rejimlərini seçmək üçün nəzərdə tutulmuş fırlanan düymədir.

Nəhayət, Alpine nümayəndələri yeni elektromobilə nüfuz edən fransız ruhunu xüsusilə vurğulayırlar. Alpine A390 təkcə Fransada deyil, həm də markanın Dyeppdəki tarixi fabrikində, güc aqreqatları isə, yaxınlıqdakı Kleonda istehsal olunacaqlar. Hətta elektrik krossoveri üçün şinlər Fransanın Michelin şirkəti tədarük edəcək və onlar xüsusi reseptə uyğun olaraq “bişirələcəklər”. Alpine A390 elektrik krossoverinin tam premyerası Alpine brendinin ad gününə planlaşdırılıb: marka may ayının 27-də 70-illik yubileyini qeyd edəcək.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.