Bu avtomobilin yaraılması Mercedes-Benz tərəfindən hələ 2021-ci ildə, batareyalı avtomobil bazarının həsəd aparılacaq sürətlə böyüdüyü bir vaxtda dərc olunmuş elektrikləşdirmə planına daxil idi. O zaman güclü və yeyin elektromobillər üçün xüsusi AMG.EA platforması bəyan edilmişdi.
Bu gözləntilər özünü doğrlutmasa da, AMG batareyalı modellərin yaradılmasını dayandırmayıb. Bu günlərdə yeni platformanın ilki - Porsche Taycan ilə rəqabət aparacaq beşqapılı Mercedes-AMG GT XX liftbəki nümayiş etdirilib. Doğrudur, bu, avtomobilin konsept statusunda təqdim olunan seriyaöncəsi versiyasıdır.

Bu, böyük və alçaq avtomobildir: onun uzunluğu - 5204, eni - 1945, hündürlüyü isə, 1317 millimetrdir. Kuzov maksimal dərəcədə axarlıdır, demək olar ki, bütün hava girişləri aktiv qapaqlarla təchiz edilib. Avtomobilin arxa şüşəsi yoxdur və beşinci qapıda hava əyləci rejimində işləyən irəli çıxan spoyler quraşdırılıb.
Altlıqdakı xüsusi aerodinamik tunellər Venturi effektini təmin edir ki, bu da böyük spoylerlər olmadan əlavə yerəsıxma qüvvəsi yaradır. Hətta 21-düymlük disklərin təkər toplarında avtonom aktuatorları olan aktiv jalüziləri var. Nəticədə, mühəndislər 2,24 kvadrat metr frontal proyeksiya sahəsi üçün təsiredici Cd 0,198 aerodinamik müqavimət əmsalına nail ola biliblər.

Konseptin rəngləndiyi xüsusi boya lüminissent xüsusiyyətlərinə malikdir. Faralara səs müşayiəti və piyadaları xəbərdar etmək üçün yığcam dinamiklər quraşdırılıb. Arxa işıqlar arasında 700-dən çox işıq diodu olan panel var: onlar elektromobil haqqında məlumatları - məsələn, şarj səviyyəsini göstərə bilirlər.
İnteryer biotexnologiya vasitəsilə istifadə olunmuş yarış şinlərindən hazırlanmış innovativ təkrar emal materialları ilə üzlənib. Belə “sintetikanın” dəri, zamşa və hətta ipəyi təqlid etməyə qadir olduğu, həmçinin yeni supermaterialın təbii analoqlardan daha möhkəm və yüngül olduğu bildirilir.

İnteqrasiya edilmiş başlıqları olan karbonplastik oturacaqlar sərnişinlərin bədən quruluşuna fərdi uyğunlaşmanı nəzərdə tutan yastıqlarla təchiz edilir. Altınöqtəli təhlükəsizlik kəmərləri kimi, belə konsepsiya birbaşa avtomobil idmanından götürülüb.
Sürücünün qarşısında çoxlu fiziki düymələr və siqnal işıqları olan sükan çarxı, həmçinin rekuperasiyanı tənzimləmək üçün ləçəklər var. Ön paneldə cihazlaarr panelinin (10,25 düym) və MBUX media sisteminin (14 düym) ekranları yerləşir. Sonuncu MB.OS firma əməliyyat sisteminə əsaslanır.

Şəffaf mərkəzi tuneldə yüksək gərginlikli naqilləri xatırladan daxili işıqlandırma quraşdırılıb, onların yanında isə, metal dekorativ elementlər yerləşdirilib. İdman ab-havası yaratmaq üçün, rənglənməmiş karbonplastikdən bol şəkildə istifadə olunub.
Yeni AMG.EA platformasının əsas texniki xüsusiyyəti aksial elektrik mühərriklərinin (oxlu maqnit axını ilə) istifadəsidir. Bu mühərriklər 2021-ci ildən Mercedes-Benz şirkətinə məxsus olan Britaniyanın Yasa şirkəti tərəfindən hazırlanıb.

Yeri gəlmişkən, şirkət belə mühərrikləri üçüncü tərəfə (məsələn, Ferrari hibridləri üçün) də tədarük edir. Aksial elektrik mühərrikləri adi radial mühərriklərə nisbətən üçdə iki dəfə daha yüngül, üçdə bir dəfə daha yığcamdır, ona görə də üç dəfə enerji sıxlığına malikdirlər. Belə elektrik mühərrikləri o cümlədən yağla soyudulma sayəsində əldə edilən daha yüksək sabit gücə və dartma qabiliyyətinə sahibdirlər.
AMG GT XX konseptinin ön oxunda reduktor və silikon karbid əsasınlı güc elektronikası ilə bir blokda yerləşən elektrik mühərriki quraşdırılıb. Arxa dartma modulunda iki elektrik mühərriki var (hər təkərdə biri). Üçmühərrikli sistemin ümumi gücü 1 meqavattı (1360 at qüvvəsi) keçir! Elektromobilin maksimal sürəti 360 km/saatdan çoxdur.
Dartma batareyası NCMA texnologiyası (nikel, kobalt, manqan və alüminium) əsasında hazırlanır, anodda isə, silikondan istifadə edilir. Batareya alüminium korpuslu nazik silindrik hüceyrələrdən (təxminən 3000 ədəd) ibarətdir, onun xüsusi enerji tutumu bir kiloqrama 300 Vatt/saata çatır.
Bununla belə, batareyanın tutumu dəqiqləşdirilməyib. Digər maraqlı bir xüsusiyyət isə, dielektrik yağdan istifadə edərək hüceyrələrin birbaşa soyudulması sistemidir. Nəticədə, 800 voltluq batareya üçün enerji mübadiləsinin (uzunmüddətli də daxil olmaqla) yüksək səviyyəsi, uzun xidmət müddəti və 850 kilovat gücündə ultra sürətli şarj bəyan edilib.
Beş dəqiqə ərzində 400 kilometrlik yürüş ehtiyatını bərpa etmək olar.
Alman istehsalçısı Mercedes AMG GT XX konseptinin Formula 1 yarış komandasının mütəxəssislərinin cəlb edilməsi ilə şirkət daxilində hazırlanmasından xüsusi qürür duyduğunu vurğulayır. Qeyd etmək gərəkdir ki, elektromobilin seriya versiyası yalnız 2026-cı ildə bazara çıxacaq. Növbəti yenilik liftbəklə eyni platformanı bölüşən AMG krossoveri olmalıdır.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.