Aston Martin öz modellərinin S indeksli versiyalarının çeşidini genişləndirir. DBX S krossoverindən və kiçik Vantage S kupesindən sonra, şirkət uzun müddət buraxılan DB ailəsinin təkamülünün zirvəsi adlandırdığı Aston Martin DB12 S superkarını təqdim edib.

Ön tərəfdən, Aston Martin DB12 S modelini nəzərəçarpan yan hissələri olan splitterə görə asanlıqla ayırd etmək olar. Bunlar nəinki yerəsıxma qüvvəsini artırır, həm də ön təkərlərin ətrafındakı hava axınını sabitləşdirir. Kapotdakı böyüdülmüş havalandırma dəlikləri mühərrikin əlavə soyudulmasını təmin edir. Kandarlarda qara genişləndiricilər quraşdırılıb, ön qanadlarda isə, diqqət çəkən qırmızı “S” nişanı var. Arxa hissəni spoyler, yeni diffuzor və buraxılış sisteminin iki cüt çıxış borusu bəzəyir. Maraqlıdır ki, DBX S və Vantage S modellərindən fərqli olaraq, yeni DB12 S modelində kuzovun parlaq qırmızı dekoru yoxdur.

Mərkəzi konsoldakı idarəetmə rejimlərini seçmək üçün nəzərdə tutulmuş qırmızı şayba istisna olmaqla, qırmızı dekordan interyerdə istifadə edilməyib. DB12 S modelinin interyeri standart olaraq dəri və alkantaranın birləşməsi ilə üzlənir, lakin opsional olaraq, yarı anilin dəri və ya onun alkantara ilə birləşməsini sifariş vermək də mümkündür. Opsiyalar siyahısına həmçinin karbonplastikdən çərçivəsi və başlıqlarında loqotip formasında basma naxışları olan yüngülləşdirilmiş idman oturacaqları (elektrik tənzimləməli oturacaqlar standartdır) daxildir. Əlbəttə ki, müştərilər müxtəlif rənglərdə tərtibat sxemləri arasından seçim edə bilərlər.

S versiyasının 4,0-litrlik AMG V8 biturbo mühərrikinin gücü 20 at qüvvəsi artaraq 700 at qüvvəsinə çatıb. Fırlanma anı (800 Nm) dəyişməyib. 60 mil/saata (97 km/saat) sürətlənmə müddəti 0,1 saniyə azalaraq 3,4 saniyə olub. Maksimal sürət dəyişməyib - 325 km/saat. Akseleratorun həssaslığını yaxşılaşdırmaq üçün mühərrik idarəetmə sistemi və səkkiz pilləli ZF avtomatik transmissiyası incə şəkildə tənzimlənib. Paslanmayan polad hazırlanmış yeni buraxılış sistemi mühərriki daha zəngin səslə təmin etmək üçün nəzərdə tutulub. Əlavə ödəniş müqabilində daha güclü səsə malik olan titandan hazırlanmış buraxılış sistemini də quraşdırlmaq mümkündür: o, standart buraxılış sistemindən 11,7 kiloqram yüngüldür.

Yenidən işlənmiş asqı daha sərt köndələn dayanıqlılıq stabilizatorlarını və yenidən sazlanmış Bilstein DTX amortizatorlarını alıb. Sükan idarəetməsi və elektron idarələnən differensial döngələrdə daha yüksək həssaslıq üçün köklənib. Aston Martin DB12 S standart olaraq yüksək məhsuldarlıqlı karbon-keramika əyləcləri ilə təchiz edilir: belə mexanizmlər standart əyləclərdən 27 kiloqram yüngüldür.
Aston Martin DB12 S modelinə sifarişlər artıq qəbul olunurlar. Model kupe və Volante indeksli kabriolet kimi əlçatandır. İstehsal avtomobillərinin müştərilərə tədarükünə 2026-cı ilin birinci rübündə başlanmalıdır. Adi Aston Martin DB12 modelinin qiyməti 185,000 funt sterlindən başlayır, lakin S versiyasının əhəmiyyətli dərəcədə baha olacağı məlum məsələdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.