Üçüncü nəsil Aston Martin Vanquish kupesi 2024-cü ilin payızının əvvəlində işıq üzü görüb, ötən ilin mart ayında isə, planetin ən güclü açıq kuzovlu önmühərrikli modellərindən biri olan Volante kabrioletinin debütü baş tutub. İndi isə, onun Q by Aston Martin bölməsi tərəfindən yaradılan unikal Wave Edition versiyası nümayiş etdirilib.

Narıncı rəngli supportlar da dəniz mövzusuna işarə edir

Bu avtomobil Florida ştatının Neyplis şəhərində keçirilən Qış Şərab Festivalında keçiriləcək xeyriyyə hərracında satılacaq. Satışdan əldə edilən vəsaitlər təhsili və aztəminatlı ailələrdən olan uşaqları dəstəkləyən fonda köçürüləcək.

Adətən Q by Aston Martin bölməsi müəyyən müştərilərin istəklərinə əsasən seriya avtomobillərinin nadir versiyalarını hazırlayır, lakin Wave Edition nəşrini hazırlayan zaman yaradıcılar öz istəklərinə üstünlük veriblər.

Mərkəzi konsoldakı, mühərrikin işə salma düyməsinin yerləşdiyi şayba da narıncı rəngdədir, oturacaqlarda isə, xüsusi mavi tikmə-naxış peyda olub

Sahildə yerləşən Neyplis çimərlikləri ilə məşhur olduğu üçün, yeni model dənizçilik və çimərlik mövzusuna həsr edilib. Kabrioletin kuzovu yaşıl parıltılı Sapfir mavi rənginə boyanıb. Laklanmış qara karbondan əlavələr dəniz daşları, ağ vurğular isə, onlara dəyən dalğalarla assosiasiya yaratmalıdır. Narıncı rəngli əyləc supportları buylardan ilhamlanıb. 

Texniki hissə standartdır: 5,2-litrlik V12 biturbo mühərriki 835 at qüvvəsi və 1000 Nm fırlanma anı hasil edir, səkkiz pilləli ZF avtomatik transmissiyası isə, özükilidlənən differensial vasitəsi ilə fırlanma anını arxa oxa ötürür. İki tonluq avtomobil 0-dan 100 km/saata 3,4 saniyəyə sürətlənir, onun maksimal sürəti isə, 345 km/saat təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

ABŞ bazarında standart Aston Martin Vanquish Volante modeli üçün ən azı 468.000 dollar (çatdırılma xərcləri və əlavə ödənişlər nəzərə alınmadan)  tələb olunur. Məlum məsələdir ki, hərracda satılacaq yeganə nüsxədə inşa olunmuş Wave Edition versiyası xeyli baha başa gələcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.