Aston Martin şirkəti 2024-cü ilin əvvəlində Vantage modelinin iri miqyaslı yenilənməsini həyata keçirib. Superkar yenidən işlənmiş eksteryerə, yeni interyerə və demək olar ki, üçdə bir dəfə gücləndirilmiş mühərrikə sahib olub. İndi isə, çeşidə daha güclü modifikasiya - yeni Vantage S kupesi əlavə edilib. Bununla belə, məhsuldarlıq rekordlarından söhbət gedə bilməz. Aston Martin DBX S krossoveri kimi, Vantage S modelini də daha sürücüyönümlü avtomobil adlandırmaq olar.

Vantage S modelinin kapotunda mühərrikin daha səmərəli soyudulması üçün başqa formalı hava kanalları peyda olublar. Arxa tərəfdəki dəyişdirilmiş diffuzor yerəsıxma qüvvəsinin artırılmasını təmin edir: maksimal sürətdə o, baza modelindəki 101 əvəzinə 145 kiloqram hasil edir. 67 kiloqramlıq əlavə artım Venturi effekti olan altlığın dəyişdirilmiş aerodinamikası sayəsində əldə olunur. Kuzov dəsti və 21 düymlük təkər diskləri qırmızı aksentlərlə bəzədilib, bürünc çalarlı əyləc mexanizmləri quraşdırılıb. Ön qanadlarda qırmızı mina ilə çəkilmiş “S” nişanları da var.

S versiyasının interyeri standart olaraq alkantara və dəri ilə üzlənir. Dekorativ örtükər xüsusi hörgülü karbon lifindən hazırlanırlar. İdman oturacaqları, qapı panelləri və mərkəzi tunel qırmızı tikişlərlə bəzədilib. Əlavə ödəniş müqabilində interyeri yarı anilin dəri və ya alkantaradan əlavələri olan eyni dəri ilə üzləmək mümkündür. Bundan başqa, tikişlərin rəngini, dekorativ örtüklərin materialını və hətta transmissiyanın miniatür selektorunun rəngini belə seçmək olar.

AMG istehsalı olan 4,0-litrlik V8 biturbo mühərrikinin gücü 665-dən 680 at qüvvəsinə qədər artırılıb, fırlanma anı isə, dəyişməyib - 800 Nm. Akseleratorun daha həssas olması üçün mühərrikin idarəetmə sistemi incə şəkildə tənzimlənib. Aston Martin Vantage S ilk “yüzlüyə” 3,4 saniyəyə sürətlənməyə qadirdir ki, bu da baza superkarda olduğundan cəmi 0,1 saniyə azdır. Yerindən 200 km/saata qədər sürətlənmə 10,1 saniyə çəkir, maksimal sürət isə, baza versiyasındakı kimi 325 km/saatdır.

Daha güclü mühərriklə yanaşı, S versiyası daha sürücüyönümlü şassini də əldə edib. Adaptiv Bilstein DTX stabilizatorları yenidən tənzimlənib, superkarın aşağı sürətlərdə idarəolunmasını yaxşılaşdırmaq üçün arxa asmada daha yumşaq yaylardan istifadə edilib. Eyni zamanda, arxa alt çərçivə sərt şəkildə kuzova (polimer aralayıcılar olmadan) bərkidilir. Lakin səkkiz pilləli ZF avtomatı baza versiyadan 10% daha yumşaq olan bərkitmələri əldə edib.
Aston Martin Vantage S modelinin ilk kütləvi nümayişi bu həftəsonu Qudvudda keçiriləcək Sürət Festivalında baş tutmalıdır. Modelə sifarişlər artıq qəbul olunur, lakin Vantage S hələlik yalnız kupe kuzovu ilə təklif edilir, baxmayaraq ki, Vantage modelinin çeşidində açıq kuzovlu Volante versiyası da var. İlk avtomobillərin müştərilərə təhvil verilməsinə cari ilin dördüncü rübündə başlanmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.