Üçüncü nəsil Audi A5 ailəsinin 2024-cü ildəki təqdimatı bu modelin konsepsiyasına köklü şəkildə yenidən baxıldığını nümayiş etdirib. Əvvəlki kupe, kabriolet və Sportback versiyalarının əvəzinə alıcılara əlverişli liftbək və universal təklif olunub. Qeyd etmək gərəkdir ki, mahiyyət etibarilə onlar Audi A4 ailəsinin varisləridirlər. İndi isə, model çeşidindəki ən ekstremal versiyalar da eyni şəkildə yeniləniblər: üçüncü nəsil Audi RS 5 ailəsi təqdim olunub.
Adi versiyalarda olduğu kimi, yeni RS 5 ailəsi də liftbək (RS 5 Sedan) və universal (RS 5 Avant) kuzovlarında debüt edib, lakin əhəmiyyətli vizual incəliklər ilə… Onlar yeni, aqressiv bamperlərə, daha böyük radiator barmaqlıqlarına, genişləndirilmiş qanadlara və oval formalı nəhəng çıxış borularına malik olan brutal diffuzorlara malikdirlər. Bamperlər və yan ətəklər opsional olaraq ləkəli karbon dekor ilə bəzədilə bilərlər.
İdman dayağı sayəsində yeni RS 5 mülki qardaşlarından 90 millimetr (1950 millimetr) daha geniş və 67 millimetr daha uzundur (4896 millimetr). Klirensi azaldılmış asqı avtomobillərin hündürlüyünü 16 millimetr azaldıb: liftbəkin hündürlüyü 1428 millimetr, universalın isə, 1446 millimetr təşkil edir. Təkər bazası dəyişməyib - 2906 millimetr. Avtomobillər 20 düymlük təkər disklərilə təchiz olunur, əlavə ödəniş qarşılığında 21 düymlük variant da əlçatandır.
“Bərkgedən” modellərinin interyeri də dəyişdirilib. RS5 modeli gücləndirilmiş yan dəstəyi olan idman oturacaqları və parlaq qırmızı Boost və RS düymələri, habelə qırmızı sıfır nişanı olan sükan çarxı ilə təchiz edilir. İnteryer tərtibatımnda təkrar emal olunmuş materiallardan hazırlanmış Dinamica mikrofiberi və tünd metal rənginə boyanmış parlaq panellərdən istifadə edilir. Bununla belə, əlavə ödəniş müqabilində alıcılar ön paneli və qapı panellərini əsl dəri, eləcə də karbon və cilalanmış alüminiumdan dekor ilə bəzəyə bilərlər. Qabaqcıl kontur işıqlandırması da opsiyadır.
Audi displeylər baxımından da səxavətli davranıb: yeni RS 5 standart olaraq cihazlar panelinin 11,9 düymlük ekranı, firma MMI məlumat-əyləncə sisteminin 14,5 düymlük diapleyi və ön sərnişinin qarşısındakı 10,9 düymlük displey ilə təchiz edilir. Onlar yenilənmiş qrafikaya və genişləndirilmiş funksionallıqla sahib olublar: G-qüvvələri, təkərlərin temperaturu və təzyiqi, transmissiyanın fəaliyyət nüansları və hətta yarış treklərində dövrə statistikası haqqında məlumatları sürücü üçün əlçatandır. Yeni RS 5 salon güzgüsünə quraşdırılmış xüsusi kameradan istifadə edərək dövrələrin videosunu çəkə bilir. Proyeksiya displeyi opsiyadır.
Yeni “bərkgedən” modelin kapotunun altında əvvəlki RS 4 və RS 5 modellərindən tanış olan 2,9-litrlik V6 biturbo mühərriki yerləşir. Onun gücü 450-dən 510 at qüvvəsinə qədər artırılıb, lakin fırlanma anı eyni qalır - 600 Nm. Yeni Audi RS 5 modeli Audi Sport bölməsi tərəfindən buraxılan ilk qoşulan hibriddir. Səkkiz pilləli Tiptronic avtomatik transmissiyasına 25,9 kilovat/saatlıq 400 voltluq litium-ion batareyasından qidalanan elektrik mühərriki (177 at qüvvəsi, 460 Nm) quraşdırılıb. Nəticədə, yeni RS 5 sırf elektrik enerjisi ilə 87 kilometrə qədər məsafə qət edə bilər. “Bərkgedən” model 100 kilometrə cəmi 4,5-3,8 litr yanacaq sərf edir (tam doldurulmuş batareya ilə). Plagin qurğunun ümumi hasilatı 640 at qüvvəsi və 825 Nm təşkil edir!
Yeni Audi RS 5 təkmilləşdirilmiş quattro tam ötürmə sistemi ilə təchiz olunub. O, fırlanma anını ön və arxa oxlar arasında 70:30 ilə 15:85 nisbətində paylayan yeni mərkəzi differensiala malikdir. Arxa ox həmçinin elektron idarə olunan planetar ötürmə və dartma vektorunu idarə edən ağıllı elektromexaniki Dynamic Torque Control sisteminə malikdir. O, yalnız fırlanma anını arxa təkərlər arasında millisaniyələr ərzində ötürməklə kifayətlənmir, həm də xüsusi RS Torque Rear idarəetmə rejimi aktivləşdirildikdə “bərkgedən” liftbek və universalı drift üçün avtomobilə çevirə bilir. Lakin tərtibatçılar bu rejimi yalnız batareyanın doldurulma səviyyəsinin ən azı 90% olduqda işə salmağı tövsiyə edirlər.
Şübhəsiz ki, hibrid hissə yeni Audi RS 5 modelinin çəkisinə mənfi təsir göstərib. Sələfi, ən son nəsil Audi RS 4 Avant universalının çəkisi 1820 kiloqram olsa da, yeni RS 5 modellərinin çəkisi asanlıqla iki tonu ötür: liftbək 2355 kiloqram, universal isə, 2370 kiloqram ağırlığa malikdir. Adaptiv ikiklapanlı amortizatorları olan yenidən tənzimlənmiş asqı bütün bu artmış çəkini öz "çiyinlərinə" götürüb. Əyləcləmə mərhələlərlə həyata keçirilir: əvvəlcə rekuperasiya sistemi aktivləşdirilir, sonra isə, öndə 420, arxada isə, 400 millimetrlik polad disk əyləcləri işə düşür. Bununla belə, əlavə ödəniş müqabilində ön tərəfdə 440, arxa tərəfdə isə, 410 millimetrlik daha davamlı və daha yüngül (- 30 kiloqram) karbon-keramika əyləcləri təklif olunur.
Sükan çarxındakı xüsusi Boost düyməsi ilə aktivləşdirilən maksimal hasilat ilə yeni Audi RS 5 modeli 100 km/saat həddini 3,6 saniyəyə (həm liftbək, həm də universal) toplaya bilir. Əlavə çəkiyə baxmayaraq, yeni modellər sələflərindən daha dinamik olduğunu sübut ediblər: RS 4 Avant universalı 100 km/saat sürətini 4,1 saniyəyə, RS 5 kupesi və RS 5 Sportback isə, 3,9 saniyəyə yığa bilirdi. Maksimum sürət 250 km/saat ilə məhdudlaşır, lakin əlavə ödəniş müqabilində bu həddi 285 km/saata qədər çəkmək olar.
Yeni Audi RS 5 şirkətin Almaniyanın Nekkarzulm şəhərindəki zavodunda istehsal olunacaq. Sifarişlərin qəbuluna 2026-cı ilin birinci rübündə başlanılması planlaşdırılır. Almaniyada yeni modellərin qiyməti artıq liftbək üçün minimum 106.200 avro, universal üçün isə, 107.850 avrodur. Müştərilərə ilk çatdırılmalar yay aylarında başlayacaq. Müqayisə üçün, Almaniyada hələlik elektrikləşməyən və hibrid olmayan M3 sedanı üçün 96.000 avro, universalı üçün isə, 107.200 avro tələb olunur.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.









