Elektromobilləri orqanik şəkildə adi model sırasına inteqrasiya etməyin müxtəlif yolları var. Hətta “böyük alman üçlüyü” də fərqli yanaşmalardan istifadə edərək fərqli nəticələri əldə ediblər. Məsələn, Mercedes-Benz elektromobilləri ayrıca EQ ailəsinə ayırıb, lakin elektrik xəttinin satışları heç də ürəkaçan deyil.
İndi isə, elektromobilləri yanacaqlı modellərlə birləşdirəcək yeni strategiya hazırlanır. BMW şirkəti isə, əksinə, elektromobilləri yanacaqlı modellərlə unifikasiya edib, lakin onlara i3, iX3 və ya i5 kimi ayrı indekslər verib.
Audi Q8 e-tron
Bu sahədə daha çox qarışıqlığa yol verən istehsalçı Audi şirkətidir. Alman brendinin ilk müstəqil elektromobili heç bir seriyaya bağlanmadan, səksəninci illərdə alman markası üçün tam ötürmə aləminə yol açmış Audi quattro kupesi ilə bənzərlik daşıyan lakonik e-tron adını alıb.
Lakin restaylinqdən sonra, bu krossover nominal olaraq Q8 ailəsinə daxil edilib: artıq elektrik krossoveri Audi Q8 e-tron adlanır. Bunun ardınca adi indeksləri və e-tron prefiksi olan bir sıra Audi elektroomobilləri debüt ediblər, lakin 2023-cü ildə şirkət yanacaqlı və batareyalı avtomobilləri ayırdığını bildirib.
Audi A5 Avant
Yeni elektromobilləri cüt indekslər (Q4, A6 və sairə), daxili yanma mühərrikləri olan avtomobillər isə, tək indekslər (A5, Q5) ilə işarələniblər. Marketoloqların fikrincə, belə yanaşma istehlakçıların həyatını asanlaşdırmaq və elektromobilləri geniş model çeşidində aydın şəkildə ayırmaq məqsədini daşıyır.
Bu sxemin ilk törəmələri A4 ailəsini əvəz edən yeni nəsil Audi A5 liftbəki və universalı olub. Amma indi İnqolştadt istehsalçısı bu sxemdən imtina etmək qərarına gəlib.
Audi A5 Sedan
Audi şirkəti artıq güc qurğusuna bağlı olmayan ənənəvi indekslərə qayıdır. Əvvəllər olduğu kimi, bütün Audi minik avtomobilləri A, krossoverləri isə, Q hərfi ilə işarələnirlər. Hərfdən sonra gələn rəqəm isə, modelin ölçüsünü və mövqeləndirilməsini müəyyənləşdirir.
Kuzov növünün işarələnməsində Avant və Sportback, güc qurğusunun növünün işarələnməsində isə, tanış abbreviaturalardan TFSI (benzin), TDI (dizel), TFSI e (hibrid) və e-tron indekslərindən istifadə ediləcək.
Audi A6 e-tron
Bu dəyişikliklərə əsasən, yanacaqlı Audi A6 ailəsi eyni indeksli yeni ailə ilə əvəz olunacaq - əvvəllər onların A7 indeksini alacağı güman edilirdi. Yeni ailənin təqdimatı martın 4-nə planlaşdırılıb. Audi A6 e-tron elektromobilləri ilə birlikdə onlar vahid A6 ailəsini təşkil edəcəklər, lakin elektrik və yanacaqlı modellər arasındakı texniki unifikasiya elə də yüksək olmayacaq.
Audi şirkətinin marketinq üzrə baş direktoru Marko Şubert köhnə adların qaytarılması ilə bağlı qərar ciddi müzakirələrdən sonra qəbul edildiyini və premium brendinin müştərilərinin ehtiyaclarını tam ödədiyini bildirib. Artıq satışa çıxarılan "yeni dalğa" modellərinin (xüsusən Audi A5) adlarının dəyişdirilməsi nəzərdə tutulmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.