Audi şirkətinin işləri o qədər də yaxşı getmir: ötən il İnqolştadt istehsalçısı 1,67 milyon avtomobil satıb ki, bu da 11,8% azalma deməkdir. Üstəlik, eyni hal 2025-ci ilin birinci yarısında müşahidə edilib (5,9% azalma, 794,000 avtomobilə qədər), əməliyyat mənfəəti isə, 45,1% (1,09 milyard avroya qədər) azalıb! Əlbəttə ki, şirkət rəhbərliyi artıq xilasetmə planı hazırlayır.

Problemli sahələrdən biri də Audi avtomobillərinin dizaynıdır: keçmiş baş dizayner Mark Lixtenin (o, 2014-cü ildən 2024-cü ilə qədər bu vəzifəni tutub) fəlsəfəsi özünü doğrultmayıb və ona yenidən baxmaq lazım gəlib. Gələcək dəyişikliklərin ilk müjdəçisi Audi Concept C konsept avtomobilidir.

Əslində bu dizayn üslubu heç də yeni deyil və bunu anlamaq üçün Jaguar markasının pərəstişkarlarının narazılığına səbəb olan Type 00 konseptinə nəzər salmaq kifayədir

Bu konsept-kar brendin yeni baş dizayneri Massimo Fraskellinin ilk əsəridir: o, bu vəzifənin icrasına keçən ilin əvvəlində başlayıb və əvvəllər Bertone və Land Rover şirkətlərində işləyib. Konseptin dizaynı Radical Next adlanan yeni radikal sadəlik və aydınlıq üslubunda hazırlanıb.

Audi prototipinin ilham mənbəyinin isə, 1930-cu illərin Auto Union Type C yarış avtomobilləri və müasir Audi TT modeli olduğu qeyd edilir. Kuzovun lakonik xətləri künc-bucaqlı və yuvarlaq əyrilər ilə uyğunlaşdırılır, arxa pəncərənin əvəzinə hava kanalları olan hava yönləndiricisi quraşdırılıb. 

Oxşar nisbətlərə baxmayaraq, Audi Concept C son nəsil Audi TT modelindən əhəmiyyətli dərəcədə böyükdür: onun uzunluğu 4,52, eni - 1,97, hündürlüyü isə, 1,29 metrdir  Təkər bazasının ölçüsü 2.57 metrdir.

İki hissəli sərt dam elektrik ötürməsilə geriyə doğru hərəkət edərək kupeni tarqaya çevirir. Dörd bölməli  işıqlandırma texnikası və konseptin şaquli radiator barmaqlığı tezliklə bütün gələcək seriya Audi avtomobillərinin seçilən xüsusiyyətlərinə çevrilməlidir. 

Konseptin interyer dizaynı da eyni üslubda, lakonik memarlıq və həndəsi formaları özündə birləşdirən radikal sadəlik üslubundadır. Fiziki idarəetmə elementləri anodlaşdırılmış alüminiumdan hazırlanır və aydın toxunma reaksiyası təmin etmək üçün nəzərdə tutulublar.

Hətta adi dəyirmi formalı sükan çarxındakı korporativ loqotip də əsl metaldan hazırlanıb. Media sisteminin qatlanan ekranı (10,4 düym) ön panelin dərinliklərinə gizlətmək olar. Əlbəttə ki, sensorlu düymələrsiz də ötüşməyib, üstəlik, onlar qabaqcıl vibrasiya ilə təchiz ediliblər. Daxili tərtibatda təbii materiallardan istifadə olunur, dolayı işıqlandırma isə, interyerin üslub və keyfiyyətini vurğulamaq üçün nəzərdə tutulub. 

Audi Concept C təkcə dizayn manifesti deyil, o həm də gələcək yığcam idman avtomobilinin birbaşa carçısıdır. Doğrudur, artıq daxiliyanma mühərrikli deyil, elektrik ilə hərəkətə gələn: onun əsasını növbəti nəsil Porsche 718(Boxster və Cayman) idman avtomobilləri üçün hazırlanan eyni 800 voltluq platforması təşkil edir.

Eyni zamanda, 718 ailəsinin özünün debütü bu yaxınlarda təxirə salınıb - şayiələrə görə, Porsche mühəndisləri sırf elektrik idman avtomobillərinə daxili yanma mühərrikləri quraşdırmaq üçün çalışmalara başlayıblar. Beləliklə, Audi Concept C idman avtomobilinin seriya versiyası da hibrid ola bilər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni şoukar artıq Milanda keçirilən qapalı təqdimat zamanı nümayiş etdirilib və onun ictimai təqdimatı Münxendə işinə başlayacaq IAA avtosalonu çərçivəsində baş tutmalıdır. Audi şirkətinin rəhbəri Gernot Döllner bildirib ki, konseptdə tətbiq edilən radikal sadəlik və aydınlıq fəlsəfəsi gələcək modellər üçün sadəcə dizayn dilinə deyil, həm də yeni korporativ prinsipə çevriləcək. O, həmçinin alman istehsalçısının qərarqəbuletmə mexanizmində və təşkilati strukturunda şirkətin hazırkı arzuolunmaz vəziyyətini düzəltmək üçün nəzərdə tutulmuş əhəmiyyətli dəyişikliklər vəd edib.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.