Nissan Avropada satılan X-Trail krossoverinin yenilənmiş versiyasını təqdim edib. Debüt xeyli gecikib, çünki Amerika bazarında satılan versiya (Nissan Rogue adlanır) 2023-cü ildə, Yaponya və Avstraliyada satılan versiyalar isə, 2025-ci ildə yenilənib. Qeyd etmək gərəkdir ki, dördüncü nəslin rəsmi premyerası zamanı da oxşar gecikmə müşahidə olunub: krossover 2020-ci ildə ABŞ-da, 2022-ci ildə isə, Köhnə Dünyada debüt etmişdi.
Avropada satılan X-Trail modelinin yenilənməsi digər bazarlardakı versiyalarla eyni üslubda aparılıb. Krossover V formalı haşiyəsini itirmiş yeni radiator barmaqlığını, daha brutal ön bamperi və parlaq qara rəngə boyanmış arxa bamper alıb.
Təkər tağları və kandarlar da parlaq qara rəngə boyanıblar, kuzovun rəngləri palitrası isə, mavi Universal Blue və bej Baja Storm rənglərini ilə genişləndirilib. Krossover həmçinin yeni 19 düymlük ikirəngli təkər disklərinə də sahib olub.
X-Trail N-Trek macəra versiyası da yenidən dizayn edilib. Macəra versiyası həmçinin yeni barmaqlığı və ön bamperi alıb. Loqotiplərdə, ön bamperdə və 19 düymlük qara təkər disklərində çoxsaylı qırmızı Lava rəngində vurğular diqqəti çəkir.
Yenilənmiş Nissan X-Trail modelinin interyeri də vizual olaraq daha zənginləşib. Onun quruluşu və dizaynı dəyişməz qalır, lakin şabalıdı rəngli dəri kimi yeni tərtibat materialları əlavə edilib.
Rəqəmsal cihazlar paneli artıq yeni qrafikaya malikdir, iqlim nəzarət sisteminin blokunun altındakı meydançada artıq iki USB Type-C portu var. NissanConnect məlumat-əyləncə sistemi də təkmilləşdirilib: ona Google Assistant səs köməkçisi də daxil olmaqla Google xidmətləri inteqrasiya edilib.
Dairəvi görüntü kameraları sistemi də təkmilləşdirilib və ona “şəffaf kapot” rejimi əlavə edilib. Firma ProPILOT Assist kompleksi də təkmilləşdirilib: o, yol nişanlarını daha yaxşı tanıyır, habelə hərəkət zolağında daha rəvan əyləcləmə və sürətlənməni təmin edir.
Avropalı X-Trail krossoverinin ən yüksək təchizat səvviyələrinin avadanlıq siyahısına qızdırılan ön və arxa oturacaqlar, qızdırılan sükan, üç zonalı iqlimə nəzarət sistemi, ikinci cərgənin uzununa tənzimlənən oturacaqları, 10 dinamikli Bose audio sistemi, qızdırılan ön şüşə və farkop daxildir.
N-Trek versiyasına həmçinin qırmızı vurğu elementləri, elektrik ötüürməli panoram dam, suya davamlı CellCloth örtüyü və rezin baqaj döşəməsi əlavə edilib.
Krossoverin mühərrik çeşidi ixtisara məruz qalıb. Əvvəllər Avropadakı müştərilər 163 at qüvvəli üç silindrli 1.5 VC-Turbo mühərriki ilə təchiz edilmiş modeli ala bilirdilərsə, yenilənmədən sonra yalnız hibrid versiyalardan seçə bilərlər.
Modifikasiya çeşidinə generator kimi çıxış edən 1,5-litrlik mühərriki və ön elektrik mühərriki (204 at qüvvəsi, 330 Nm) təchiz olunmuş ön ötürməli X-Trail e-Power və eyni mühərrik-generator və arxa oxdakı əlavə elektrik mühərrikinə (128 at qüvvəsi, 195 Nm) malik olan tam ötürməli X-Trail e-Power e-4orce daxildir. İkimühərrikli tam ötürmənin maksimal gücü 213 at qüvvəsidir.
Yenilənmiş Nissan X-Trail krossoverinin Avropadakı satış qiymətləri hələlik açıqlanmayıb. Çox güman ki, ucuz benzin versiyasının ixtisara salınması qiymətlərin artmsına səbəb olacaq. Hazırda Almaniyada ən sərfəli yanacaqlı krossoverin qiyməti 40 min avrodan başlayır. Ön ötürməli X‑Trail e‑Power hibridinin qiyməti 42,8 min avrodan, tam ötürməli X‑Trail e‑Power e-4orce versiyasının isə, 46,3 min avrodan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









