Yüz il əvvəl Super Sports rodsteri 161 km/saat (100 mil/saat) sürətini toplayan ilk Bentley avtomobili olub. O dövrdə bu avtomobillərdən yalnız 18 ədəd istehsal olunmuşdu. Bu şanlı ad yalnız 2009-cu ildə, birinci nəsil Bentley Continental GT Supersports kupesinin debütü ilə geri qayıdıb. Yeni Supersport tamamilə iki nəfərlik idi və standart modeldən 100 kiloqram yüngül idi.
İkinci nəsil Continental GT Supersports 2017-ci ildə debüt edib və bu günə qədər ən güclü (710 at qüvvəsi) və ən sürətli (336 km/saat) Bentley avtomobili olub. Üçüncü nəsil kupe Supersports versiyasına malik olmayıb, lakin yeni, dördüncü nəsil Continental GT belə versiyanı əldə edib.
Yeni Bentley Continental GT Supersports kupesi, sələflərindən fərqli olaraq, rekord sürətə və ya gücə deyil, yeni modeldə əsas üstünlük itilənmiş idarəetməyə və avtomobili idarə etməkdən həzz almağa verilib. Müvafiq olaraq, buna nail olmaq üçün, lüks avtomobil çəki itirməli və aerodinamik “silahlanmanı” əhəmiyyətli dərəcədə artırmalı idi.
Kupe, Bentley avtomobillərində quraşdırılan ən böyük splitter və baqaj qapağındakı sabit spoyler də daxil olmaqla, karbondan hazırlanmış aqressiv kuzov dəstini alıb. Alüminium dam karbon panellə əvəz edilib və hətta mərkəzində böyük "8" rəqəmi olan radiator barmaqlığı da yüngülləşdirilib.
Nəticədə, Continental GT Supersports kupesinin çəkisi iki tona çatmır ki, bu da standart kupedəkindən təxminən yarım ton azdır. Yerəsıxma gücü 300 kiloqramdan çox artıb. Pirelli P-Zero şinləri taxılmış 22-düymlük Manthey Racing diskləri idarəetmənin yaxşılaşdırılmasına kömək edir. Lakin əlavə ödəniş müqabilində daha ekstremal P-Zero Trofeo RS şinlərini də quraşdırmaq olar.
Bununla belə, çəkiyə qənaətə ən böyük töhfəni yeni güc aqreqatı və transmissiya verib. 4.0-litrlik V8 biturbo mühərriki hibrid üstqurumunu və dartma batareyasını itirib, şassi isə, tam ötürmədən məhrum edilib.
Bunun əvəzinə, mühərrik gücləndirilmiş karterə, təkmilləşdirilmiş silindr başlıqlarına, daha səmərəli turbokompressorları və xüsusi çıxış boruları olan titandan hazırlanmış Akrapovič buraxılış sistemini əldə edib.
Nəticədə mühərrikin hasilatı 666 at qüvvəsi və 800 Nm təşkil edir. Bundan əlavə, Continental GT Supersports bütün Bentley avtomobilləri arasında bir litrə düşən ən yüksək gücə (166,5 at qüvvəsinə) malikdir.
Bununla belə, tamötürməli Continental GT Speed hibridi yenə də daha güclü (782 at qüvvəsi, 1000 Nm) və daha dinamikdir: 100 km/saata sürətlənmə 3,7 saniyəyə qarşı 3,2 saniyə təşkil edir. "İdmançının" maksimal sürəti də daha azdır: 335-ə qarşı 310 km/saat.
Lakin istehsalçı Continental GT Supersports kupesini indiyə qədər buraxılmış ən sürücüyönümlü Bentley adlandırmaqdan çəkinmir. V8 biturbo mühərriki ilə birlikdə ikimuftalı 8-pilləli preselektiv ZF “robotu” çalışır.
Bütün dartma qüvvəsi elektron idarə olunan differensial kilidi vasitəsilə arxa oxa ötürülür. Arxa təkər izi 16 millimetr genişləndirilib. Adaptiv amortizatorları və iki kamerası olan pnevmatik asqı idman tənzimlənmələriminə malikdir. Eyni şeyi 48 voltluq aktuatorları olan aktiv stabilizatorları haqqında da söyləmək olar. Daha aqressiv tənzimləmələr və rejimlər ESC stabilizasiya sistemilərinə də qismət olub.
Continental GT Supersports versiyasının döngələrdə Speed modelindən (yüklənmələr 1,3 g-yə çatır) 30% daha çevik olduğu iddia edilir. Bentley şirkətinin versiyasına görə, "idmançı" dünyanın "ən böyük" əyləc sisteminə malikdir. Ön tərəfdə 10-porşenli supportları 440 millimetrlik karbon-keramika disklər, arxada isə, 4-porşenli supportları olan 410 millimetrlik disklər quraşdırılıb.
Sürücü kupesinin salonu da dieta saxlamalı olub. Arxa oturacaq, təhlükəsizlik kəmərləri, üzlənmə və hətta audio sisteminin dinamikləri çıxarılıb. Onlar karbonplastik kreslolar ilə əvəz olunub.
Qalan iki ön oturacaq da yüngülləşdirilib və gücləndirilmiş yan dəstəyinə malik olublar, lakin elektriklə tənzimləmə və qızdırılma funksiyaları saxlanılıb. Bundan əlavə, salonda karbonplastik bəzəklərdən geniş istifadə olunub, mərkəzi konsolda isə, avtomobilin seriya nömrəsi yazılmış lövhə yerləşdirilib.
Bentley Continental GT Supersports kupesinin tirajı 500 nüsxə ilə məhdudlaşdırılıb. Sürücü kupesinin canlı təqdimatının yanvar ayında Dubayda keçirilməsi planlaşdırılır. Əvvəlcədən sifarişlərin qəbuluna gələn ilin mart ayında başlanmalıdır, avtomobilin istehsala isə, 2026-cı ilin dördüncü rübündə start veriləcək.
İlk seriya avtomobilləri müştərilərə 2027-ci ilin əvvəlində çatdırılmalıdırlar. Britaniya mətbuatının məlumatına görə, Continental GT Supersports kupesinin qiyməti 400 min funt sterlinqdən (526 min dollar) başlamalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









