Həyəcanlanmayın, şəkillərdəki avtomobil yaxın gələcəkdə istehsala gedəcək hər hansı seriya modelinin carçısı deyil. Britaniyalılar Bentley EXP 15 adlanan elektrik şoukarının brendin ümumi inkişaf istiqamətini göstərən proqram konsepti olduğunu bildirirlər. O, auditoriyanın bu və ya digər həllər üçün hazırlığını yoxlamaq məqsədini daşıyır. Üstəlik, bu konsept Bentley brendinin keçən həftə təqdim etdiyi yenilənmiş emblemin ilk daşıyıcısıdır.

Təəccüblüdür ki, yaradıcılar bu konsepti dəbdə olan SUV termini ilə işarələməyə belə cəhd etməyiblər. Bentley EXP 15 (yəni, on beşinci eksperimental avtomobil) ümumiyyətlə krossover deyil, idman sedanının yeni təfsiridir: dik ön hissə, uzun kapot, maili dam buna işarə edir. Rəsmi versiyaya görə, konseptin dizaynerləri tarixə Blue Train adı ilə düşən 1930-cu ilin klassik Bentley Speed Six Gurney Nutting Sportsman kupesindən ilhamlanıblar.

Uzunluğu beş metrdən çox olan konsept-karın asimmetrik yan tərəfləri var: sürücü tərəfində yalnız bir qapı, sərnişin tərəfində isə, təkcə müxtəlif istiqamətlərə açılan qapılar deyil, həm də yan tərəfə sürüşdürülən dam bölməsi var. Yaranan nəhəng giriş demək olar ki, əyilmədən avtomobilə əyləşib-çıxmağa imkan verir.

Üstəlik, əslində qarşımızda liftbək dayanıb, çünki arxa tərəfdə baqajın üzərində yuxarı açılan iri qapı və piknik üçün yer təşkil etməyə imkan verən açılan bort var. Ön tərəfdə əlavə baqaj bölməsi də bəyan edilib ki, ona giriş yüz il əvvəlki avtomobillərdə olduğu kimi, uzununa oxa bərkidilmiş və bir-birinə doğru açılan iki lyuk vasitəsilə həyata keçirilir. Radiator barmaqlığının yerinə daxili LED işıqlandırması olan dekorativ naxış var.

Bentley EXP 15 tamölçülü maket şəklində mövcuddur, onun hətta salonu belə yoxdur. İnteryer renderlərdə göstərilib və o, ənənəvi düymələr ilə rəqəmsal interfeysin eksperimental qarışığıdır. Ön panelə quraşdırılmış ekranlar sönə və ya tərtibatı təqlid edən fonu göstərə bilərlər. Real tərtibat üçün ənənəvi ingilis tekstili və ağac şponu bəyan edilib.

Salonda üç oturacaq var. Sərnişin tərəfində sürücüyə doğru irəli çəkilə bilən kreslo quraşdırılıb. Onu mümkün qədər geriyə çəkmək (bu halda onun önündə baqajı yerləşdirmək oar) və ya uzun məsafələrə səyahətlər zamanı çarpayı kimi istifadə etmək mümkündür. Avtomobildən çıxmağı asanlaşdırmaq üçün, bu oturacağı 45 dərəcə döndərmək olar.
Konseptin texniki hissəsi haqqında heç bir məlumat verilməyib. Yalnız bu elektromobilin tam ötürməli olduğu bildirilir. Amma bu vacib deyil, çünki Bentley markasının ilk seriya elektromobili tamamilə fərqli olacaq: krossoverin debütü 2026-cı ilə planlaşdırılır. Bentley EXP 15 konsepti isə, gələcək modellər üçün fərdi həllər mənbəyi kimi çıxış edə bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.