Bentley Continental GT və GTC modelləri 2024-cü ilin ortalarında dördüncü nəslə qədəm qoyublar. Birinci Ultra Performance Hybrid güc qurğusu və Speed indeksi olan hibridlər debüt edib, ötən yazda isə, onlara High Performance Hybrid benzin-elektrik sistemi olan giriş səviyyəli versiyaları satışa çıxarılıblar. İndi isə, S indeksini almış “orta” səviyyəli modellər çeşidə qatılıblar.
Yeni modellər baza güc aqreqatını daha bahalı Speed və Supersports variantlarının bəzi xüsusiyyətləri ilə birləşdirəcək və rahatlığa yönəlmiş Azure versiyalarından bir pillə yuxarıda yerləşəcəklər. Zahiri cəhətdən S indeksli modellər digərlərindən tündləşdırılmiş faralar və eksteryer dekoru, aerodinamik kuzov dəsti, unikal 22 düymlük təkər diskləri, xrom ucluqları olan idman buraxılış sistemi və xüsusi nişanlar ilə fərqlənirlər.
İnteryerdəki oturacaqlar, sükan, transmissiyanın selektoru və qapı panellərində Dinamica sintetik parçasından hazırlanmış əlavələrdən istifadə olunur. Lakin əlavə ödəniş müqabilində bu parçanı yüksək keyfiyyətli dəri ilə əvəzləmək də olar. Parlaq karbon dekor və tünd xromdan detallar əlavə ödəniş qarşılığında əlaçtandırlar.
Güc aqreqatı baza modellərindən dəyişməz şəkildə köçürülüb. Səkkiz pilləli ikili muftalı avtomatik transmissiyaya inteqrasiya olunmuş elektrik mühərriki və 4,0-litrlik V8 biturbo mühərriki 680 at qüvvəsi və 930 Nm fırlanma anı hasil edir. S versiyası 100 km/saat həddini 3,5 saniyəyə toplayır. Üçüncü nəsil Continental GT S və GTC S modelləri 130 at qüvvəsi və 160 Nm daha aşağı hasilata malik idilər: kupe 100 km/saat həddini 4,0 saniyəyə, kabriolet isə, 4,1 saniyəyə toplayırdı. Eyni zamanda, maksimal sürət həddi 318-dən 306 km/saata endirilib.
25,9 kilovat/saatlıq batareya 80 kilometrə qədər sırf elektrik dartması ilə hərəkət etməyə imkan verir. Bu modeldəki tam ötürmə sistemi ilk dəfə olaraq yükəsk sürtünməli elektron differensialı və idarələnən arxa təkərləri nəzərdə tutur. Asqı yeni iki klapanlı amortizatorlara malikdir, arxa təkərlərin yüngül sürüşməsinə imkan verən Dynamic rejim də daxil olmaqla, sabitləşdirmə sistemi yenidən tənzimlənib. Sistem həmçinin tamamilə söndürülə bilər.
Qiymət hələlik açıqlanmayıb. Bentley Continental GT modelinin baza versiyasının qiyməti Böyük Britaniyada 202.400 funt sterlinqdən (təxminən 278.500 dollar) başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









