DPA agentliyinin Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsinin (Kraftfarht-Bundesamt, KBA) məlumatlarına istinadən yaydığı xəbərdə BMW şirkətinin 337 min avtomobili geri çağırdığını bildirib. Bu kampaniya 9 iyun 2022-ci il ilə 5 dekabr 2025-ci il arasında istehsal olunmuş avtomobillərə aiddir.

Geri çağırma kampaniyası dünya üzrə 337.374 avtomobilə şamil edilir. Bu avtomobillər i5, i7, M5, 5-ci Seriya və 7-ci Seriyadan olan modellərdir. Onlardan 29.441 ədədi Almaniyadakı servis mərkəzlərinə getməlidirlər.

11 fevralda “Bild” nəşri BMW avtomobillərində ciddi bir qüsurun aşkar edildiyini bildirib. Təkcə Almaniyada 28 min avtomobil geri çağırılıb. Lakin geri çağırılmanın qlobal miqyası daha geniş ola bilər. Mühəndislər problemin elektronikada olduğunu müəyyən ediblər: mühərriki işə salarkən qısaqapanma baş verə bilər ki, bu da bəzi hallarda yanğına səbəb ola bilər.

Servis kampaniyasında BMW 2 Series Coupe, 3, 4 və 5-ci seriyalarının müxtəlif modelləri, 6 Series Gran Turismo, 7 Series Limousine, eləcə də X4, X5 və X6 krossoverləri və Z4 Roadster iştirak edəcəklər. Profilli “kfz-Betrieb” nəşri geri çağırılan avtomobillərin konkret sayının 575 min olduğunu bildirsə də, BMW hələlik bu rəqəmi rəsmi olaraq təsdiqləməyib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.