BMW konserni 2022-ci ildə ailə müəssisəsi olan Alpina Burkard Bovensiepen GmbH + Co şirkətindən Alpina brendinin hüquqlarını satın alıb, lakin bu müqavilə yalnız 2026-cı il yanvarın 1-də qüvvəyə minib. Bu müddət ərzində Bavariya şirkəti yalnız bir nümayiş avtomobilini – Vision BMW Alpina konseptual kupesini təqdim edib.
Andreas və Florian Bovenzipen qardaşları isə, öz şirkətlərini Bovensiepen Automobile adlandıraraq, kiçik seriya ilə buraxılacaq iki modeli hazırlayıblar. Ötən il Bovensiepen Zagato kupesi debüt etmişdisə, indi daha praktik 05 GT universalı təqdim olunub.
Bovensiepen 05 GT modelinin prototipi Alpina B5 GT olub. Lakin yeni universal əvvəlki G30 deyil, müasir BMW 5 Series G60 modelinin əsasında hazırlanıb. Üstəlik, yenilik adi universalın deyil, BMW M5 Touring modifikasiyasının bazasında inşa olunub.
05 GT modelinin yaradılmasında tanınmış avtomobil dizayneri Frank Stivenson iştirak edib. O, yeni universalı standart BMW M5 ilə müqayisədə daha təmkinli görünüşlə təmin edib.
Bovensiepen 05 GT universalının ön və arxa bamperləri əvvəlki Alpina modellərini xatırladır. Bundan başqa, universal yan ətəklərin orijinal örtmələrini və baqaj qapağında yerləşən spoyleri əldə edib. Avtomobil 21 düymlük yüngülləşdirilmiş təkər diskləri ilə təchiz olunub və onlara xüsusi hazırlanmış Pirelli şinləri taxılıblar.
Bovensiepen 05 GT universalının salonu tamamilə yüksək keyfiyyətli Lavalina təbii dərisi ilə üzlənib. Dəri örtükdən sürücü və sərnişinlərin toxuna biləcəyi bütün səthlərdə istifadə olunub. Təqdimat versiyasında ağ və qırmızı dərinin kombinasiyasından istifadə edilsə də, müştərilər tamamailə fərdi kombinasiyaları sifariş edə bilərlər.
Standart BMW M5 universalı tərkibinə 4,4-litrlik V8 biturbo mühərriki (585 at qüvvəsi, 750 Nm) və səkkizpilləli avtomatik transmissiyaya inteqrasiya olunmuş elektrik mühərriki (197 at qüvvəsi, 280 Nm) daxil olan hibrid güc qurğusu ilə təchiz edilir.
Sistemin ümumi hasilatı 727 at qüvvəsi və 1000 Nm təşkil edir. Bovensiepen mühəndisləri bu aqreqatı təkmilləşdirərək onun hasilatını 800 at qüvvəsi və 1100 Nm-ə çatdırıblar.
Avtomobildə titandan hazırlanmış Akrapovič buraxılış sistemi quraşdırılıb ki, bu da 7,8 kiloqram çəkiyə qənaət etməyə imkan verib. Bununla belə, 05 GT universalının ümumi çəkisi 2555 kiloqrama çatır ki, bu da standart M5 Touring modelinin müvafiq göstəricisindən (2475 kiloqram) xeyli yüksəkdir. 0-dan 100 km/saat sürətlənmə 3,6 saniyədən az vaxt aparır, maksimal sürət isə, 305 km/saatdır.
Maraqlıdır ki, güc artımına baxmayaraq, Bovensiepen 05 GT modelinin dinamik göstəriciləri adi M5 Touring ilə demək olar ki, eynidir. Bunun əvəzində avtomobil gücləndirilmiş kuzov elementlərini, optimallaşdırılmış asqı kinematikası və Eibach yayları olan təkmilləşdirilmiş şassini əldə edib.
İlk Bovensiepen 05 GT universalları bu ilin dördüncü rübündə müştərilərə təhvil veriləcək. Modelin qiyməti 199 min avrodan başlayacaq. Müqayisə üçün, standart BMW M5 Touring universalının başlanğıc qiyməti 147,2 min avro təşkil edir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









