Brabus şirkəti 14 fevral tarixində KTM 1290 Super Duke R motosiklinin tünüq edilmiş versiyası olan 1300 R baykının məhdud saylı partiyasına sifarişlərin qəbuluna başlayıb. Alman atelyesinə 154 sifarişi qəbul etmək üçün iki dəqiqə vaxt gərək olub – məhz bu qədər baykın buraxılması planlaşdırılıb.
Lakin sifarişi rəsmiləşdirməyə imkan tapmayanların 1300 R modelini almaq üçün kiçik olsa da, şansları var: onlar adlarını KTM şirkətinin saytındakı gözləmə siyahısına yazdıra bilərlər. Əlbəttə ki, sifariş etmiş şəxslərdən biri baykı almaqdan imtina edərsə, belə bir şans yarana bilər.
Yuxarıda qeyd etdiyimiz kimi, Brabus 1300 R baykı KTM 1290 Super Dule E EVO modelinin bazasında hazırlanıb və orijinaldan LED optikanın yumru forması, oturacağı və hava yönləndiricilərinin dizaynı ilə fərqlənir. Bayk üçün amortizatorların sərtliyini tənzimləməyə imkan verən adaptiv asqı və beş hərəkət rejimi nəzərdə tutulub.
Bayk hərəkətə 1301 kub santimetr həcmi olan V-Twin mühərriki ilə hərəkətə gəlir. Mühərrik 180 at qüvvəsi və 140 Nm fırlanma anı hasil edir.1300 R baykı 97 km/saata 3,2 saniyəyə sürətlənir və 270 km/saatlıq maksimal sürət həddinə malikdir.
Brabus 1300 R modelinin qiyməti və çatdırılma müddəti bu günə qədər açıqlanmayıb. Baykların birinci yarısının qara Signature Black rənginə, ikinci yarısının isə qırmızı Magma Red rənginə boyanacağı məlumdur. Əlavə avadanlıq siyahısında, aşağı pilləyə keçərkən və ya qazın kəskin bağlanılması zamanı arxa təkərin kilidlənməsi ehtimalının qarşısına alan trəkşn-kontrol, 17-düymlük Brabus diskləri, Bridgestone Battlax S22 şinləri və oturacağın qızdırılması var.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.