Monstrşəkilli W16 mühərrikləri olan Bugatti hiperkarlarının dövrü başa çatır. Chiron modelinin istehsalına artıq son verilib, indi isə, Bugatti şirkəti Volkswagen konserninin texnologiyalarından uzaqlaşmasının simvolu olan yeni modeli nümayiş etdirib. Bu hiperkarın hazırlanması üç il əvvəl yaradılan Bugatti Rimac birgə müəssisəsi tərəfindən həyata keçirilib və nəticə gözlənilməz alınıb.

Bugatti Tourbillon kupesi ən analoq ruhlu hibrid hiperkardır. Hətta onun adı da bundan xəbər verir: əgər Veyron və Chiron keçən əsrdə Bugatti avtomobillərində yarışan pilotların şərəfinə adlandırılmışdılarsa, yeni avtomobil turbiyonun - yerin cazibə qüvvəsinin saatın dəqiqliyinə təsirini neytrallaşdıran olduqca mürəkkəb mexanizmin şərəfinə adlandırılıb.

İlk baxışdan Bugatti Tourbillon modeli Chiron hiperkarına çox bənzəyir: fənərlərin oxşar kəsimi, tanış siluet - və əlbəttə ki, yanlardakı yarı oval kəsiklər. Lakin şirkətin baş dizayneri Frenk Heyl bu ailə oxşarlığının qəsdən qorunduğunu söyləyib. Məhz ona görə də, əslində, yeni hiperkarın nəinki sələfi, heç bir digər seriya avtomobili ilə ortaq bir detalı yoxdur.

Dörd turbomühərrikli W16 mühərrikini Cosworth mühəndislik bürosu ilə birgə hazırlanmış tamamilə yeni V16 atmosfer mühərriki əvəzləyib. Onun həcmi 8,3 litrdir (W16 mühərrikindəki 8,0 litrə qarşı), dirsəkli valın və 90 dərəcəli blokun uzunluğu demək olar ki, bir metrə çatır və mühərrik 9000 dövr/dəqiqəyə qədər sürətlənə bilir! 

Hasilat heç də fantastik deyil - 1000 at qüvvəsi və 900 Nm. Belə göstəriciləri V8 turbomühərrikindən almaq olar, lakin Bugatti bunu bilərəkdən etməyib, çünki silindrlərin sayı, ilk növbədə, prestij və eksklüzivlikdir. Ettore Buqatti - “Bugatti müstəsna deyilsə, o, artıq Bugatti deyil”, - demişdi.

Atmosfer aqreqatına üç elektrik mühərriki kömək edir, özü də konsepsiya və quruluşa görə bu sistem Lamborghini Revuelto hiperkarını çox xatırladır.  Bir elektrik mühərriki (340 at gücü, 240 Nm) iki muftalı səkkiz pilləli “robota” quraşdırılıb ki, bu qutu da daxili yanma mühərrikinin düz arxa hissəsində yerləşir. 

Bu tandem arxa təkərləri elektron idarəolunan differensial vasitəsilə idarə edir. Ön tərəfdə isə, ön təkərlərin hər birində daha iki 340 qüvvəli elektrik mühərriki var. Nəticədə, hibrid sistemin pik gücü 1800 at qüvvəsi təşkil edir. Xatırladaq ki, Chiron hiperkarı maksimum 1600 at qüvvəsi malik idi.

Elektrik mühərrikləri qidalanmasına mərkəzi tuneldə və oturacaqların arxasında yerləşən 24,8 kilovat/saatlıq T-formalı dartma batareyası cavabdehdir. O, 800 voltluq işləmə gərginliyinə və inkişaf etmiş istilik tənzimləməsi sisteminə malikdir. Bugatti Tourbillon sırf elektrik rejimində hərəkət edə bilər - dolu batareya ilə 60-70 kilometr qət etmək mümkündür.

Ancaq ən heyrətləndiricisi odur ki, mühəndislər hibrid Tourbillon hiperkarını sırf benzinlə işləyən sələfindən daha yüngül edə biliblər! Simvolik 1 kiloqram olsa belə - hiperkarın bəyan edilmiş boş çəkisi 1995 kiloqramdır.

Dartma batareyasının çəkisi təxminən 200 kiloqram, elektrik mühərriklərinin isə, əlavə 100 kiloqram təşkil edir, lakin dörd turbokompressor, nəhəng interkulerlər, mürəkkəb soyutma sistemi və daimi tam ötürməli transmissiya (paylayıcı qutusu, ötürmə valları və sairə) ümumilikdə təxminən eyni 300 kiloqram çəkiyə malik idilər. 

Əlbəttə ki, tərtibatçılar digər detalları da optimallaşdırıblar: məsələn, 3D çap üsulu ilə hazırlanmış asqı qolları Chiron hiperkarındakından 45% yüngüldürlər.

Yeni kupenin maksimal sürəti Chiron modelinin əmtəə versiyalarındakı 440 km/saata qarşı 445 km/saat təşkil edir (rekord prototipləri 490 km/saata sürətləniblər). Lakin Bugatti ənənəsinə görə, maksimal sürəti, yalnız 380 km/saat həddinə tənzimlənmiş məhdudlaşdırıcını söndürən xüsusi açardan istifadə etməklə toplamaq mümkündür. 

Hibrid 100 km/saata sürətlənməyə düz 2,0 saniyə sərf edir. 200 km/saat həddin beş saniyədən az müddətə qət edilir. Tourbillon modelinə 400 km/saat həddini yığmağa 25 saniyə gərəkdir. Dəqiq göstərici sertifikatlaşdırma testlərindən sonra ictimaiyyətə açıqlanacaq, lakin Chiron hiperkarının nəticəsi (32,6 saniyə) böyük fərqlə keçirilib.

V16 mühərrikinə keçid avtomobilin uzunluğunda öz əksini tapıb: əgər Chiron hiperkarının baza versiyasının uzunluğu 4544 millimetrdirsə, Tourbillon modelində bu göstərici 4671 millimetrdir. 

Təkər bazası nəzərəçarpacaq dərəcədə böyüməyib: 2711-ə qarşı 2740 millimetr. Lakin güc qurğusunun hündürlüyünün azaldılması avtomobilin özünü alçaq etməyə imkan verib: 1212-ə qarşı 1189 millimetr.

Kupenin eni demək olar ki, dəyişməz qalıb (2051 millimetr), lakin dartma batareyasının xeyrinə transmissiyanın qurğularından imtina mərkəzi tuneli daha yığcam etməyə imkan verib. Buna görə də, salondakı oturacaqlar bir-birinə daha yaxın quraşdırılıb. 

Sərbəst daxili yerləşdirmə həm də adi qapıların əvəzinə yuxarı açılan qapıların quraşdırılmasına imkan verib. Arxa tərəfdə yuxarı qalxan antiqanad var, lakin aerodinamikaya arxa tərəfdəki nəhəng diffuzor daha çox təsir edir, o, demək olar ki, avtomobilin alt hissəsinin ortasından başlayır və hava axınını rəvan şəkildə qaldırır.

Tərtibatçılar Tourbillon modelinin salonunu “rəqəmsal detoks” adlandırırlar. Titan korpusda olan analoq cihazlar paneli sükan çarxının hərəkətsiz topuna quraşdırılıb. Bahalı saatlarda olduğu kimi, əqrəbləri idarə edən çoxsaylı çarxdişliləri aydın görmək olar. 

Mərkəzi şkala spidometr və taxometrin bir oxda birləşdirilmiş əqrəblərini özündə cəmləyib, sağda isə, daxili yanma mühərriki və elektrik sisteminin hasil etdiyi gücü göstərən ayrıca oxları olan cihaz yerləşir.

Hətta batareyanın doldurulma səviyyəsi belə bir əqrəbli cihaz göstərilir. Sükan çarxı iki qola malikdir, sifir səviyyəsini göstərən işarə həm yuxarı, həm də aşağı hissədə quraşdırılıb.

Nazik mərkəzi konsoldakı iqlimə nəzarət sistemi fırlanan düymələri olan analoq idarəetməyə malikdir. Media sisteminin displeyi də var - o, ön paneldə gizlənir və yalnız lazım olduqda üzə çıxır. Oturacaqlar tənzimlənmir, lakin pedal qovşağının yerini tənzimləmək mümkündür.

Əlbəttə ki, daxili tərtibat üçün yalnız ən bahalı materiallar istifadə edilir: təkrar emal edilmiş materiallardan söhbət belə gedə bilməz.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əgər satışların əvvəlində Veyron 1,1 milyon avroya başa gəlirdisə və debütdən sonra Chiron üçün 2,4 milyon avro istəmişlərsə, yeni Bugatti Tourbillon ən azı 3,6 milyon avroya qiymətləndirilib.

Şirkət artıq sifarişləri qəbul edir, lakin elan olunmuş istehsalı tirajı cəmi 250 nüsxədən ibarətdir, yəni Chiron modelinin tirajından iki dəfə az. İlk əmtəə hiperkarları müştərilərə yalnız 2026-cı ildə təhvil veriləcəklər.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.