2024-cü ildə təqdim olunmuş Bugatti Mistral rodsteri fransız markasının W16 mühərriki ilə təchiz edilmiş son modeli olub. Onun istehsal tirajı cəmi 99 nüsxə məhdudlaşdırılıb və bu rodsterlərin əksəriyyəti tam fərdiləşdirilmiş, yeganə nüsxədə buraxılmış avtomobillərdir.

Bu eksklüziv nümunələrdən sonuncusu Blanc Eternel (fransızcadan tərcümədə "əbədi bəyazlıq") adını alıb. Blanc Eternel versiyasını fərqləndirən cəhət təkcə qar kimi ağ kuzovu deyil, həm dekorativ, həm də funksional təyinatlı çoxsaylı çini detallara malik olmasıdır.

Bugatti Veyron L'Or Blanc

W16 Mistral Blanc Eternel hiperkarının yaradılmasına ənənəvi olaraq Bugatti şirkətinin fərdiləşdirmə üzrə Sur Mesure studiyası cavabdeh olub. Layihədə onun tərəfdaşı isə, Berlin Kral Çini Manufakturası – KPM (Königliche Porzellan-Manufaktur Berlin) olub.

Bir neçə əsrlik tarixə malik olan bu müəssisə uzun illər ərzində çinidən hazırlanmış çoxsaylı sənət əsərləri yaradıb. Onların sırasında 2011-ci ildə təqdim olunan unikal Bugatti Veyron L'Or Blanc hiperkarı da var. Beləliklə, Blanc Eternel lüks avtomobil istehsalçısı ilə məşhur çini manufakturasının ikinci birgə layihəsi sayılır.

Bugatti W16 Mistral Blanc Eternel

Avtomobilin kuzovu, təbii ki, ağ rəngə boyanıb və örtüyün fakturası həqiqi çini səthini xatırladır. Bundan əlavə, hiperkar həndəsi naxışla bəzədilib. Naxışın xətləri əl ilə çəkilib və təsadüfi yerləşdirilməyib – onlar Mistral rodsterinin kuzovunun daxili həndəsi quruluşuna tam uyğun şəkildə işləniblər.

Bununla belə, Blanc Eternel versiyasının xarici görünüşündə həqiqi çini elementlərə də yer ayrılıb. Yanacaq çəninin və yağ doldurma boğazlarının qapaqları, firma loqotipləri, hətta silindr başlıqlarının qapaqlarındakı dekorativ əlavələr də bu nəcib materialdan hazırlanıb. Sonuncuların üzərində KPM şirkətinin ailə rəmzi olan skipetr təsvir olunub. Bu hissələrin ölçüləri son dərəcə dəqiq hesablanıb, çünki yüksək temperaturda çini təxminən 17% kiçilir.

Bugatti W16 Mistral Blanc Eternel

Salonun tərtibatında da çini dekordan geniş istifadə edilib. Dekorativ əlavələr, loqotiplər və audio sisteminin dinamik barmaqlıqları ilə yanaşı, sürücü və sərnişinin ən çox təmasda olduğu elementlərin əksəriyyəti də çinidən hazırlanıb. Bunlara diz nahiyəsində yerləşən iki örtük, transmissiya qolunun üzlüyü, mərkəzi konsoldakı dirsəkaltındakı işləmə və hətta şüşəqaldıranların düymələri daxildir.

İnteryer yüksək keyfiyyətli ağ dəri ilə işlənib. Dərinin üzərindəki həndəsi naxış avtomobilin kuzovundakı təsviri təkrarlayır. Maraqlıdır ki, bu naxışın hazırlanması üçün xüsusi texnologiya işlənib hazırlanıb: əvvəlcə hər bir xətt əl ilə işarələnir və yalnız bundan sonra boya birbaşa dəri səthinə vurulur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeganə nüsxədə hazırlanmış Bugatti W16 Mistral Blanc Eternel ilə yanaşı, KPM manufakturası bu layihəyə həsr olunmuş tematik çini kolleksiyanı da təqdim edib. Kolleksiyaya gündəlik istifadə  üçün, eləcə də "aviator" üslubunda hazırlanmış fincanlar daxildir.

Aydındır ki, bu çini aksesuarlar eksklüziv hiperkardan fərqli olaraq daha geniş alıcı kütləsi üçün əlçatan olacaq. Yeganə nüsxədə buraxılmış Blanc Eternel rodsterinin qiyməti isə, həmişə olduğu kimi, açıqlanmır.

 ©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.