Bugatti hiperkarlarının fərdiləşdirilməsi üzrə ixtisaslaşmış Bugatti Sur Mesure bölməsi ən son layihəsini təqdim edib. Bu, “La Perle Rare” (“Nadir Mirvari”) adlandırılan və yeganə nüsxədə yaradılmış Bugatti W16 Mistral rodsteridir. Avtomobil 2023-cü ildə lüks hiperkarlar istehsalçısına müraciət edən tələbkar bir müştərinin sifarişi ilə hazırlanıb.
Bu unikal rodsterin əsas xüsusiyyəti onun rəng sxemidir. Vagues de Lumière təbii fenomenindən (planktonun bioluminesent xüsusiyyətlərinə görə parlayan dalğalar) ilhamlanan Sur Mesure dizaynerləri avtomobili xüsusi olaraq hazırlanmış ağ mirvari və qızıl metallik çalarlarında effektiv zolaqlı livreya ilə bəzəyiblər. Bütün kuzov elementləri yüzlərlə saat ərzində əl ilə rənglənib. Almaz taraşlanmalı yüngül lehimli disklər oxşar ağ və qızılı rəngə malikdirlər.
Mistral La Perle Rare modelinin salonu da həmçinin ön panel, qapı kartları, sükan çarxı və oturacaqlarda istifadə olunan eyni unikal rəng palitrasında tərtibata malikdir. Qapı tutacaqları, mərkəzi konsoldakı örtmələr, sükan çarxının qolları və havalandırma deflektorları da cilalanmış alüminiumdan hazırlanıb.
Hiperkarda həmçinin “beş rəqs edən fil” var: baş dayaqları və qapılardakı naxışlar, eləcə də ötürmələr qutusunun selektorundakı qızıl fiqur. Onlar 1926-1933-cü illər arasında istehsal olunmuş Bugatti Type 41 Royale modelinin kapotundakı fiqura istinad edirlər. Bu fiqur 20-ci əsrin əvvəllərində şirkətin təsisçisi Ettore Buqattinin kiçik qardaşı heykəltəraş-animalist Rembrandt Buqatti tərəfindən yaradılıb. Sur Mesure bölməsinin baş dizayneri Yaşa Ştraub da avtomobilin dizaynına öz töhfəsini verib. O, arxa antiqanadda, mühərrik qapağında və salon elementlərində olan stilizə edilmiş “La Perle Rare” yazısını tərtib edib.
Texniki cəhətdən “mirvarili” Bugatti W16 Mistral adi Mistral hiperkarlarından fərqlənmir. Bu, Bugatti Chiron modelinin tam ötürməli şassisinə əsaslanan və hasilatı 1600 at qüvvəsi və 1600 Nm-ə qədər artırılmış dörd turbokompressorlu 8,0-litrlik W16 mühərriki ilə təchiz olunmuş eyni rodsterdir. Transmissiyada yeddi pilləli “robot” və tam ötürmədən istifadə olunur. Avtomobil 100 km/saat həddini 2,4 saniyəyə toplayır və onun maksimal sürəti 420 km/saata çatır.
Bugatti unikal W16 Mistral La Perle Rare rodsterinin sifarişçiyə hansı məbləğə başa gəldiyini açıqlamır. Yəqin ki, unikal hiperkar, qiyməti 5 milyon avrodan başlayan və 99 nüsxədən ibarət olan məhdud saylı tirajla buraxılması planlaşdırılan standart rodsterdən daha bahadır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









