Buick brendi elə də müxtəlif olmayan amerikan model çeşidini tamamilə yeni Pure korporativ üslubuna uyğunlaşdırıb. Bu dizayn üslubunun əsas cəhəti - ön tərəfin köpəkbalığı burnu üslubunda formasıdır. Hazırda Buick brendinin ABŞ-dakı model çeşidində dörd krossover var. Encore GX və Envision krossoverləri planlaşdırılmış restaylinq zamanı yeni dizaynı əldə ediblər, yığcam Envista krossoveri isə, əvvəlcədən belə tərtibata malik idi.
İndi isə, növbə tamölçülü flaqman krossoverinə - Buick Enclave modelinə gəlib çatıb. Yeddi illik istehsaldan sonra, krossoverin üçüncü nəsli işıq üzü görüb.
2022 Buick Enclave Avenir
Yeni Buick Enclave keçən il nəsil dəyişdirən Chevrolet Traverse və GMC Acadia krossoverlərinin yaxın qohumudur. Beləliklə, bu üçlükdəki bütün əsas dəyişikliklər və yeniliklər eynidir.
Təəssüf ki, ətraflı spesifikasiyalar hələlik dərc edilməyib: şirkət yalnız yeni krossoverin kifayət qədər böyük (uzunluğu 5,2 metr) ölçülərə malik olan sələfindən daha uzun, daha geniş və hündür olduğunu bildirib. Standart təkər disklərinin diaqonalı 20 düymdür.
2024 Buick Enclave Avenir
Buick Enclave modeli ikinci cərgədə ayrıca kapitan kresloları və üçüncü cərgədə üç oturacaq olan yeddi nəfərlik salona malikdir. İnteryer ən son dəbə uyğun olaraq dəyişdirilib: ön paneldə cihazlar paneli və media sisteminin ekranlarını birləşdirən 30-düymlük vahid klster quraşdırılıb.
İqlimə nəzrət sisteminin bir sıra "qaynar" düymələrdən ibarət olan idarəetmə bloku havalandırma sisteminin deflektorlarının üstündə yerləşir. Mərkəzi tunelin ön ucunda yerləşən şayba multimedia sisteminə cavabdehdir. Transmissiyanın selektorunun funksiyası sağ sükanaltı dəstəyə həvalə edilib.
2024 Buick Enclave Sport Touring
Krossover üç təchizat səviyyəsində təklif olunur. Baza təchizatı Preffered adlanır və onun avadanlıq siyahısına 12 dinamiki olan Bose audio sistemi, dəri salon, adaptiv kruiz-kontrol, zolaq saxlama sistemi və bir sıra digər köməkçilər daxildir.
Sport Touring variantı qara dekoru və tərtibatdakı idman notları ilə seçilir. Avenir top versiyası isə, adaptiv asqıya, 22-düymlük disklərinə, bolluca xrom dekora, panoram dama, havalandırılan ön oturacaqlara və çox sayda digər avadanlıqlara malikdir.
Super Cruise avtopilotu opsional avadanlıqdır
Hər üç versiya üçün Super Cruise avtopilotunu, yəni magistral yollarda sükanı buraxmağa imkan verən qabaqcıl kruiz-kontrol sistemini sifariş etmək mümkün olacaq. Düzdür, ABŞ və Kanadada yalnız bəzi magistral yollarda bu sistemdən istifadəyə icazə verilir.
Lakin belə yolların uzunluğu daim artır: hazırda əlçatan məsafə 650 min kilometrdir. 2025-ci ildə General Motors sistemə 1,2 milyon kilometr yol əlavə etməyi vəd edir.
2024 Buick Enclave Sport Touring
Buick Enclave krossoveri eninə mühərriki, əsas ön ötürməsi və yaylı asqısı olan minik avtomobili platformasını qoruyub saxlayıb. Yeni modelin yeganə mühərriki 333 at qüvvəsi və 442 Nm hasil edən 2,5-litrlik dördsilindrli turbomühərrikdir.
Doqquz pilləli “avtomat” isə, öz yerini səkkiz pilləli transmissiyaya verib. Arxa oxun qoşulması muftası olan tam ötürmə sistemini əlavə ödəniş qarşılığında əldə etmək mümkündür. Tamötürməli Enclave 2 268 kiloqrama (5 000 funt) qədər çəkisi olan qoşqunu yedəyə ala bilər.
Yeni krossover əvvəlki nəsil Enclave modellərinin buraxıldığı Miçiqandakı GM zavodunda istehsal olunacaq. Yeni Buick Enclave modelinin ABŞ-dakı satışlarına yayda start verilməlidir.
Hazırda ikinci nəsil Enclave modeli 43,900 dollardan başlayan qiymətlərlə satılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.