Bu günə qədər Çin bazarına nisbətən sadə və ucuz universal çıxarmaq cəhdlərinin hamısı demək olar ki, uğursuzluqla nəticələnib: alıcılar universalların əvəzinə krossoverləri seçiblər.Əslində, yalnız Çin taksi şirkətlərinin diqqətini çəkən və yeddi ildən çox istehsal olunan Roewe Ei5 elektrik universalının bəxti gətirib. İndi isə, BYD bu seqmentdə bəxtini sınamaq qərarına gəlib: ötən il 194 min ədəd satılan məşhur Seal 06 DM-i hibrid sedanına əsasınan universalını təqdim edib.

Universal BYD Seal 06 DM-i Travel Edition adlanır və belə avtomobillər üçün ənənəvi olan resept üzrə yaradılıb. Sedanın təkər bazası (2790 millimetr) və kuzovun ön hissəsinin tərtibatı da qorunub saxlanılıb, lakin arxa hissə və dam yenidən yaradılıb. Universal baza sedanından 20 millimetr uzun (4850 millimetr) və 10 millimetr hündürdür (1505 millimetr). 17 və ya 18 düymlük təkər diskləri təklif olunur.

Baqajın həcmi həsəd aparılacaq 670 litr (pərdənin altında) təşkil edir. Arxa cərgənin kürək hissəsi qatlandıqda isə, iri pillənin əmələ gəlməsinə baxmayaraq, baqajın həcmi 1535 litrə (tavana qədər ölçülür) qədər artır. Baqajda 12 voltluq rozetka, çantalar üçün iki qarmaq və dörd takelaj ilgəyi var, arxa cərgəni isə, divarlarındakı tutacaqlar vasitəsilə aşağı qatlamaq olar. Beşinci qapı üçün elektrik ötürməsi də baza təchizatına daxildir.

Universalın interyeri praktiki olaraq sedandakı ilə eynidir, lakin bir mühüm fərq mövcuddur. Transmissiya selektoru mərkəzi tuneldən sükan sütununa köçürülüb, onun yerində isə, stəkan tutucuları quraşdırılıb.
BYD Seal 06 DM modeli 12,8-düymlük ekranı olan DiLink 100 media sisteminə malikdir, onun standart təchizatına isə, radar və kameraları olan sadə God's Eye C avtopilotu daxildir.

Texniki cəhətdən universal tam şəkildə sedanı təkrarlayır. DM-i hibrid sistemi ardıcıl-paralel sxemlə işləyir: 1,5-litrlik benzin atmosfer mühərriki (101 at qüvvəsi, 126 Nm) əsasən generator kimi işləyir, lakin yüksək sürətlərdə ön təkərlərə qoşula bilər. Əsas dartma qüvvəsi isə, ön oxdakı elektrik mühərriki tərəfindən təmin edilir. Sedanda olduğu kimi, seçim etmək üçün iki modifikasiya var. Baza versiyası 163 at qüvvəsi və 210 Nm hasil edən elektrik mühərrikinə malikdir, dartma batareyasının tutumu isə, 10,1 kilovat/saatdır.
Elektrik dartması ilə belə universal CLTC dövrünə əsasən 80 kilometr qət edə bilər, ilk "yüzlüyə" sürətlənmə müddəti 8,7 saniyədir. İkinci versiya 218 at qüvvəsi və 260 Nm hasil edən elektrik mühərriki, 18,7 kilovatt/saatlıq batareyaya malikdir və 150 kilometr məsafə qət etmək iqtidarındadır. 100 km/saata sürətlənmə 7,7 saniyə çəkir, üstəlik, bülə modifikasiya üçün tam doldurulmuş yanacaq çəni (65 litr) və dartma batareyası ilə pasport üzrə yürüş məsafəsi göstərilir: 2000 kilometrə qədər! Əlbəttə ki, CLTC dövrünə əsasən.
BYD Seal 06 DM-i Travel Edition universallarını artıq Çində almaq mümkündür, qiymət 110 - 130 min yuan (15,300-18,100 dollar) arasında dəyişir. Bu, oxşar sedandan 10 min yuan (1400 dollar) bahadır. Roewe Ei5 elektrokarı isə, nəzərəçarpacaq dərəcədə bahadır: ən azı 153 min yuan (21 300 dollar).
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.