İki il əvvəl Cadillac özünün yeni flaqman modelini – demək olar ki, əl ilə yığılan dəbdəbəli Celestiq elektrik liftbekini təqdim edib. Yeni bayraqdar ən geniş fərdiləşdirmə proqramını və müvafiq eksklüzivliyi təklif edir: amerikan istehsalçısı iki eyni nüsxənin olmayacağına zəmanət verib. İndi isə, bayraqdar çeşidinin genişlənmə potensialını nümayiş etdirən Cadillac Sollei kabrioleti işıq üzü görüb.

Sollei ( Sol (“günəş”) və leisure (“dincəlmək”) sözlərinin birləşməsi) kabrioletinin ön hissəsinə ilk baxış  donorun kimliyindən xəbər verir. Ancaq sonra fərqlər başlayır. Məsələn, ön şüşənin çərçivəsi alüminiumdan hazırlanır və ondan kuzov dekorasiyasında da istifadə olunur.

Qapılar 90 dərəcə açıla bilir və adi tutacaqları yoxdur: onların kilidini açmaq üçün gözə dəyməyən düymələr quraşdırılıb. Sərt dam, kuzovla eyni Manila Cream rəngində olan yumşaq örtük ilə əvəz olunub: bu rəng ilk dəfə Cadillac avtomobillərində 1957-ci ildə görünüb. Məsələn, onu 1958-ci ilin Cadillac DeVille kupesində görmək olar. Liftbəkin dayaqlarındakı ayrıca arxa fənərlər kabrioletdə bütöv zolaqla əvəz olunub.

Cadillac Sollei kabrioletinin dəbdəbəli interyerində fərqlər daha çoxdur, baxmayaraq ki, ön panelin bütün eni boyunca uzanan 55-düymlük displey orijinal Celestiq liftbekindəki ilə eynidir. İnteryer mürəkkəb naxışı olan ağac örtmələrlə əl ilə bəzədilib.

Onu yaratmaq üçün beş növ şpondan istifadə edilib, hər bir örtmə diqqətlə kəsilib və öz yerinə metal çərçivədə quraşdırılıb. Oturacaqlar günəş altında rəngini bir qədər dəyişən çəhrayı piqment əlavə olunmuş nappa dərisi ilə üzlənib.

Simsiz doldurma meydançasının və qapıdakı ciblərin tərtibatında Fine Mycelium (göbələk tellərindən alınır) adlanan materialdan istifadə edilmişdir. Bu lifin interyer tərtibatında əsl dərini əvəz edə biləcəyi güman olunur. Arxa oturacaqların arasında xüsusi qrafin və qədəhlər olan mini bar var.

İnteryer dizaynında quş motivləri xüsusi yer tutur: məsələn, Şimali Amerika qarquşu və sittalarını cəlb etmək üçün xüsusi aldatmacalar quraşdırılıb. Nəhayət, kabriolet quşların təsvirləri olan jurnal və onların eskizlərini çəkmək üçün ləvazimatları olan bir albomla çatdırılır.

Cadillac Sollei elektromobilinin texniki xüsusiyyətləri açıqlanmayıb. Orijinal Celestiq liftbəki Ultium platformasına əsaslanır, tam idarəolunan şassiyə, pnevmatik asqıya və Magnetic Ride Control 4.0 adaptiv amortizatorlara malikdir.

İki mühərriklə güc quröğusunun ümumi hasilatı 608 at qüvvəsi və 870 Nm bərabərdir. Dartma batareyasının tutumu 111 kVt/saat, yürüş ehtiyatı isə, 483 kilometrdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Baza liftbəkinin əllə istehsalını nəzərə alsaq, Cadillac Sollei kabrioletinin seriya modelinə çevrilmək şansı var. Ən azından kiçik tiraj ilə... Bununla belə, Cadillac hələlik kabrioletlə bağlı planlarını açıqlamayıb – görünən odur ki, amerikan istehsalçısı potensial alıcıların reaksiyasını yoxlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.