Yığcam Deepal S05 krossoverini hələ may ayında məxfilikdən çıxarılmağa başlayıblar. Artıq onun eksteryer dizaynı ətrafında heç bir sirr qalmayıb – o, böyük S07 modelinin üslubunda tərtibata malikdir. Deepal S05 modeli uzunluğu 4620 millimetr, eni – 1900 millimetr, hündürlüyü - 1600 millimetr, təkər bazası isə 2880 millimetr olan orta ölçülü krossoverdir.
S05 modeli iki versiyada – sırf elektrik və hibrid güc qurğuları ilə təklif ediləcək. Elektrik versiyası 238 at qüvvəli elektrik mühərriki və tutumu açıqlanmayan litium-dəmir-fosfat batareyası ilə təchiz ediləcək. Elektrokar dolu batareya ilə təxminən 500 kilometr məsafə qət etməlidir.
Hibrid versiyası isə, tərkibinə 102 at qüvvəli 1,5-litrlik atmosfer mühərriki və 218 at qüvvəli elektrik mühərriki daxil olan hibrid güc qurğusu ilə təklif olunacaq. Bu aqreqat ardıcıl hibriddir – yəni, daxili yanma mühərriki əsasən generator kimi işləyir. Oxşar sistemdən Deepal G318 modelində də istifadə olunur, onun ümumi gücü 430 at qüvvəsinə çatır. Elektrik dartması ilə ofrouder 155 kilometr (WLTP) qət edir, pasport üzrə yanacaq sərfiyyatı 100 kilometrə 7,4-7,7 litr təşkil edir. 100 km/saata sürətlənmə 6,3 saniyə çəkir.
Changan Deepal S05 modelinin interyerini də açıqlayıb. Avtomobilin interyeri demək olar ki, "böyük" S7 modelini təkrarlayır. Bəzi nüanslar iki modeli qarışdırmamağa kömək edəcək: S05 versiyasının media sistemi daha kiçik diaqonallı sensorlu ekrana, üçmilli sükan çarxına, daha sadə oturacaqlara və mərkəzi dirsaəkaltıya malikdir, fincan tutacaqları fərqli dizayn edilib və səs sisteminin dinamikləri birbaşa pəncərəaltı xəttinin altında yerləşir.
Deepal S05 modelinin görünüşü 2,5 ay əvvəl açıqlanıb və yeni şəkillər dərc edilməyib. Krossover kiçik kuzov çıxıntılarınaa, “gizli” qapı tutacaqlarına, ənənəvi arxa güzgülərə və Changan subbrendinin korporativ üslubunda optikalara malikdir. Təqdimat tarixi açıqlanmayıb.
Cari ilin aprel ayında Mazda elektrikləşdirilmiş Arata krossoverinin model xəttinə qoşulacağına söz vermiş və hətta eyniadlı konsept-karı da nümayiş etdirmişdi. Şüşə xəttinə və ölçülərinə görə, "yapon" krossoveri üçün əsas Deepal S05 ola bilər. Unifikasiya hər iki tərəf üçün faydalı olacaq, çünki Mazda EZ-6 texnologiya baxımından Changan markasından olan donorunu tam şəkildə təkrarlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.