Qiyuan E07 modelinin unikallığı onun krossoverdən pikapa çevrilə bilməsindədir - dam qismən irəli çəkilir, baqaj qapısı pikaplarda olduğu kimi aşağı açılır. Nəticədə baqaj bölməsinə yuxarıdan daxil olmaq mümkündür. Changan şirkəti Qiyuan subbrendi altında elektrik və hibrid avtomobillərini buraxır və böyük E07 modeli də istisna deyil - o, elektromobildir.
Qiyuan E07 modeli Azərbaycan bazarında satılan Changan CS95 krossoverindən böyükdür: E07 daha uzun və geniş, lakin bir qədər alçaqdır. E07 krossoveri yalnız beş nəfərlik salona malikdir, çünki arxa tərəfin quruluşu üçüncü sıranı quraşdırmağı imkansız edir.
Hələlik, krossover-pikapın CALB (China Aviation Lithium Battery) və Changan tərəfindən istehsal olunan nikel-kobalt-manqan batareyası ilə təchiz edildiyi məlumdur. Baza versiyası arxa ötürməlidir: arxa oxda daimi maqnitləri olan sinxron elektrik mühərriki quraşdırılıb və o, 342 at qüvvəsi hasil etdirir. Ümumi gücü 597 at qüvvəsi olan iki elektrik mühərriki ilə hərəkətə gələn tamötürməli versiya da mövcuddur.
Qiyuan E07 transformerinin Çindəki satışlarına 2024-cü ilin birinci yarısında başlanacaq. Krossover-pikapın digər bazarlara ixrac perspektivləri barədə məlumat verilməyib.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.