2024-cü ilin yayında Chery və Land Rover şirkətləri Freelander brendini dirçəltmək niyyətində olduqlarını bildiriblər. Land Rover şirkətinin 1997-ci ildən 2015-ci ilə qədər buraxdığı yığcam krossover belə adlanırdı, lakin indi bu addan Chery platformasına əsaslanan bütöv elektromobillər ailəsi üçün istifadə olunacaq. Yeni Freelander əsasən Çin bazarı üçün nəzərdə tutulub, ona görə də seriya modelinin carçısı olan konseptin məhz Çində nümayiş etdirilməsində təəccüblü bir şey yoxdur.

Konsept Freelander 97 adlandırılıb və bu orijinal modelin debüt ilinə birbaşa işarədir. Şou avtomobilinin görünüşü Land Rover şirkətinin Böyük Britaniya və Şanxaydakı dizayn mərkəzləri tərəfindən birlikdə yaradılıb. Prototipin xarici görünüşü minimalist üslubdadır və həqiqətən də 1990-cı illərin krossoverlərini xatırladır. Konseptin ön və arxa hissəsini böyük gümüş seqmentlər bəzəyir. 

İnkişaf etmiş pəncərə xətti və kandarlar olan yan tərəflər qara plastikdən hazırlanmış iri örtmələrlə təchiz ediliblər. Arxa qapılar hərəkətin əksi istiqamətində açılırlar. Diaqonal istiqamətdə yerləşdirilmiş arxa kuzov dayağı əvvəlki nəsil Freelander modellərinə birbaşa işarədir. Arxa tərəfdə kuzovun kənarlarına doğu sürüşdürülmüş fənərlər var. Konsept iki rəngdə təqdim olunub: mavi Glacier və yaşıl Thousand Mountain.

Freelander 97 konseptinin üç cərgəli salonu geniş transformasiya imkanları təklif edir və yaradıcıların sözlərinə görə, ekoloji cəhətdən təmiz, yüksək keyfiyyətli materiallarla işlənilib. Ön şüşənin altındakı ön paneldə genişformatlı displey quraşdırılıb, media sistemi üçün isə, bir sıra fiziki düymələri olan böyük planşet nəzərdə tutulub.

Aşağıda, mərkəzi tunneldə iki böyük fırlanan düymə və simsiz şarj paneli var. Güclü Qualcomm Snapdragon 8397 çipinə əsaslanan bort elektronikasının hazırlanmasına Huawei şirkətinin cavabdeh olduğu deyilir. Lidarı olan qabaqcıl ADS 4.1 avtopilot sistemi də Huawei şirkətinin məhsuludur.

Freelander 97 konsepti 800 voltluq arxitekturaya malik olan təmiz elektromobildir. Şou avtomobili üçün dartma batareyası CATL tərəfindən hazırlanıb və istehsal edilib, üstəlik, onun yolsuzluq şəraitində hərəkət zamanı yaşana biləcək bütün çətinliklərindən etibarlı şəkildə müdafiə olunduğu iddia edilir. Tənzimlənməsi Huawei şirkəti tərəfindən aparılmış i-ATS ağıllı tam ötürmə sistem də vəd edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Freelander 97 konsepti və brendin gələcəyi haqqında daha ətraflı məlumat bu ilin iyun ayında açıqlanmalıdır. Bununla belə, tarixi ada malik olan brend altında növbəti dörd il ərzində altı yeni modelin peyda olacağı bəyan edilib. Bunlardan bəziləri elektromobilər olacaq, digərləri isə, hibrid güc aqreqatları ilə təchiz ediləcəklər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.