Audi markasının Quançjou avtosalonunda əsas premyerası SAIC konserni ilə birgə işlənib hazırlanan yeni yerli elektromobil çeşidini müjdələyən AUDI E konsept avtomobili olub. Lakin stenddə başqa yeniliklər də nümayiş etdirilib. Məsələn, Audi A5L sedanı.
Audi A5L
Yeni Audi A5 ailəsi A4 seriyasını əvəz edib, çünki indi şirkətin bütün yanacaqlı modellərində tək rəqəmli indekslər olacaq. Avropada çeşid liftbək və universalından ibarətdirsə, Çin üçün klassik dördqapılı sedan hazırlanıb, özü də uzunbazalı versiyada...
Ayrıca baqaj bölməsi ilə yanaşı, Audi A5L modelinin təkər bazası da 2900-dan 2965 millimetrə, ümumi uzunluğu isə, 4829-dən 4902 millimetrə qədər artıb. Dizaynda nüansları da var: faralar arasında nazik LED zolaq peyda olub, ön tərəfdəki firma halqaları işıqlandırılıb.
Audi A5L
Hələlik interyerin təsvirləri yoxdur və sərgidəki avtomobil də tünd şüşələrə malik olub. Bununla belə, sedanın interyerinin avropalı həmkarlarından fərqli olacağı gözlənilmir. Ancaq arxa cərgədəki məkanın artdığı məlumdur: bu göstərici Çin müştəriləri üçün ənənəvi olaraq vacibdir.
Texniki hissə haqqında məlumat azdır: Çin sedanının 2.0 TFSI turbomühərriki olan “mülayim” (MHEV) və təkrar doldurulan (PHEV) hibrid versiyalarında təklif ediləcəyi məlumdur.
Audi Q6L e-tron və Audi Q6L Sportback e-tron
Quançjouda Audi A5L sedanı ilə yanaşı, uzunbazalı Audi Q6L Sportback e-tron elektrik krossoveri təqdim olunub. Adi Q6L yazda debüt edib və indi ona kupeşəkilli versiya qoşulub. O, həmçinin 105 millimetr (3004 millimetrə qədər) uzadılmış təkər bazasına malikdir və bu da oxlar arasında Avropa modelindəki 100 kilovat/saatlıq batareyanın əvəzinə 107 kilovat/saatlıq daha böyük batareyanı yerləşdirməyə imkan verib.
Adi krossoverin Çinin CLTC dövrünə əsasən yürüş ehtiyatı 700 kilometrdir. Kupeyə bənzəyən avtomobilin xarakteristikaları hələlik açıqlanmayıb, lakin daha axarlı kuzov formasına görə o, şübhəsiz ki, daha uzun mənzilə sahib olacaq.
Həm sedan, həm də kupeşəkilli krossover Audi FAW birgə müəssisəsi tərəfindən istehsal olunacaqlar. Lakin Audi Q6L Sportback e-tron yaxın aylarda bazara çıxsa da, Audi A5L sedanının satış debütü 2025-ci ilin ortalarına qədər təxirə salınacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.