Volkswagen konserni Cupra brendi altında temperamentli modelləri istehsal edir. Onlar əksər hallarda xarakteristikalarına görə alman konserninə daxil olan brendlərin bənzər modellərini üstələyirlər. Məsələn, Cupra Born elektrik hetçbeki keçən il 231 at qüvvəli e-boost versiyasını alıb.
Halbuki, orijinal Volkswagen ID.3 hetçbeki maksimum 204 at qüvvəsinə malik ola bilər. İndi isə, daha aqressiv görünüşlü və sürücü yönümlü “qaynar” Cupra Born VZ hetbeki təqdim edilib.
Hələlik tam ötürmə sistemdən söhbət gedə bilməz: belə bir opsiyanı Volkswagen ID.3 GTX modeli üçün qoruyub saxlayıblar. Born VZ hetçbeki hələ də arxa oxda quraşdırılmış yeganə elektrik mühərrikinə malikdir, lakin onun hasilatı əhəmiyyətli dərəcədə artırılıb: 326 at qüvvəsi və 545 Nm!
Yəni, e-boost versiyasının hasilatına 95 at qüvvəsi və 235 Nm əlavə olunub. Nəticədə, “qaynar” elektrik hetçbeki 100 km/saat həddini 5,7 saniyəyə toplayır və 200 km/saat (bütün digər versiyalarda - 160 km/saat) həddinə sürətlənməyə qadirdir.
Bundan əlavə, dartma batareyasının tutumu bir qədər artırılıb (77-dən 79 kilovat-saata qədər), yürüş ehtiyatı isə 570 kilometrə çatır. Hetçbek 170 kilovatlıq şarjı dəstəkləyir.
Şassi də artan gücə uyğunlaşdırılıb. Born VZ yeni adaptiv amortizatorları, daha sərt yayları və stabilizatorları olan DCC Sport asqısı ilə təchiz olunub. Bundan əlavə, daha həssas reaksiyanı təmin etmək üçün sükan və əyləc sistemləri yenidən sazlanıb. Arxa ötürməni də nəzərə alsaq, bütün bunlar həyəcanverici idarələnməni təmin etməlidir.
Born VZ versiyası zahirici cəhətdən daha az gücü olan versiyalardan elə də fərqlənmir. O, mahiyyətcə yalnız 20-düymlük təkər disklərinin fərqli dizaynı və iki eksklüziv kuzov rəngi ilə seçilir: Dark Forest və Midnight Black.
Salonda daha çox yeniliklər var: məsələn, mediasisteminin böyüdülmüş ekranı (12 düym əvəzinə 12,9 düym) peyda olub. Qeyd etmək gərəkdir ki, bu günə qədər Born modelində belə displey quraşdırılmayıb.
VZ versiyasının digər xüsusiyyətləri - genişləndirilmiş kontur işıqlandırması, rekuperasiya səviyyəsinin dəyişdirilməsinə cavabdeh olan sükanaltı dəstəklər və inteqrasiya edimiş başlıqları olan ön idman oturacaqlarıdır.
“Qaynar” Cupra Born VZ elektromobilinin satışlarının başlanması 2024-cü ilin üçüncü rübünə planlaşdırılır. Hetçbekin satış qiyməti yayda, Avropa dilerlərinin öncədən sifarişləri qəbul etdiyi zaman məlum olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.