Denza Z9 GT elektrik hetçbeki 2024-cü ilin aprel ayında debüt edib və həmin ilin noyabr ayında ona sedan kuzovlu versiya qoşulub. İndi beşqapılı model yenilənməyə məruz qalıb və onun təkmühərrikli, arxa ötürməlili variantı elektromobillər üçün rekord sayılan gediş ehtiyatına sahib olub.

Yeni model eksteryer və interyerin dəyişdirilmiş tərtibatına malikdir. Xüsusilə, ön bamper yenidən dizayn edilib, lidar isə, indi ön şüşənin üzərində quraşdırılıb. Kuzovun rəng palitrasına yeni Fjord yaşıl boyası əlavə edilib. Yeni dizaynlı 21 düymlük təkər diskləri də əlavə olunub.

İnteryer tərtibatı üçün ilk dəfə Lava qırmızı rəngi təklif olunur. Salonda pillələri dəyişdirmək üçün ləçəkləri olan yeni üçqollu sükan çarxı və havalandırma sisteminin yenidən dizayn edilmiş deflektorları quraşdırılıb.

Bundan başqa, romb naxışlı tikişləri və modelin loqotipləri olan idman oturacaqları da var. Daxili tərtibatı karbon dekor və metaldan başlığıa olan transmissiyanın selektoru tamamlayır.

Yenilənmiş Denza Z9 GT hetçbekinin yeni modifikasiyası 503 at qüvvəli yeganə elektrik mühərriki və 122,4 kilovat/saatlıq batareya ilə təchiz olunub. Bu kombinasiya CLTC dövrünə əsasən şarj etmədən 1036 kilometrə qədər məsafə qət etməyə imkan verir.

Ən azından kağız üzərində bu rəqəm elektromobillər üçün rekord sayılır. 102,3 kilovat/saatlıq batareyaya malik olan giriş səviyyəli versiya dolu batareya ilə 880 kilometrə qədər məsafə qət edə bilər.

Tamötürməli üç mühərrikli versiya daha güclü olub. Ön mühərrik 313 at qüvvəsi, iki arxa mühərrik isə, hər biri 422 at qüvvəsi hasil edir. Belə qurğunun ümumi gücü 1156 at qüvvəsinə bərabərdir.

Yenilənmədən əvvəli versiyada da öndə eyni elektrik mühərriki var idi, lakin arxa mühərriklər hər biri 326 at qüvvəsi hasil edirdilər və onların ümumi gücü cəmi 965 at qüvvəsi idi. Kiçik batareyalı (102,3 kilovat/saat) giriş səviyyəli versiya 820, daha böyük batareyalı (122,4 kilovat/saat) versiya isə, 860 kilometr məsafə təklif edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Generator kimi fəaliyyət göstərən 2.0 litrlik turbomühərriki olan hibrid versiyasının batareyasının tutumu 38.5-dən 63.82 kilovat/saata qədər artırılıb, sırf elektrik dartması ilə qət edilən məsafə CLTC dövrünə əsasən 201-dən 400 kilometrə (WLTC dövrü üzrə 301 kilometr) qədər artıb.

Yenilənmiş Denza Z9 GT hetçbekinə sifarişlərin qəbuluna 5 martda başlanmalıdır. Qiymətlər hələlik açıqlanmayıb, lakin hazırkı modelin qiyməti 335.000 ilə 415.000 yuan (49.000 ilə 60.500 ABŞ dolları) arasındadır. Yeri gəlmişkən, Denza Z9 sedanı da yenilənməyə hazırlaşır və potensial olaraq hetçbekin kağız üzərindəki rekordunu əlindən ala bilər. Onun tək mühərrikli və böyük batareyalı giriş səviyyəli versiyasının doldu batareya ilə 1068 kilometr məsafə qət edə biləcəyi söylənilir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.