20 il əvvəl təqdim edilən və V8 HEMI mühərriki ilə hərəkətə gələn Dodge Durango krossoveri tezliklə təqaüdə çıxacaq. Qüdrətli “səkkizliklərin” krossoverlərə quraşdırılmasına 2024-cü ilin axırında son veriləcək. Buna görə də, Dodge şirkəti “bərkgedən” Durango modelinin bir neçə xüsusi versiyasını buraxmağı planlaşdırıb.
Durango SRT 392 AlcHEMI və SRT Hellcat Hammerhead artıq təqdim ediliblər, indi isə, onlara SRT Hellcat Brass Monkey adlı krossover qoşulub. Hammerhead kimi, yeni versiya da 720 at qüvvəsi hasil edən kompressorlu 6,2-litrlik V8 HEMI Hellcat mühərriki ilə təchiz olunub və 97 km/saat həddinə 3,5 saniyəyə sürətlənir.
SRT Hellcat Brass Monkey modelinin kuzovu müştərilər arasında populyar olan bürünc aksentlər ilə tamamlanan Red Oxide rənginə boyanıb.
Krossover, həmçinin parıldadılmış qara kapot, 20-düymlük mis rəngli təkər diskləri, xüsusi nişanlar, preslənmiş karbon lifindən dekor, zamşa ilə örtülmüş tavan, altı porşenli Brembo əyləcləri və buraxılış sisteminin qara rəngli ucluqları ilə çatdırılır.
Standart avadanlığa ikinci sıranın oturacaqlar arasındakı konsol, panoram dam, yeddi hərəkət rejimi və Race Options sistemi daxildir. Sonuncunun köməkliyi ilə lonc-kontrol üçün mühərrikin dövrələrini və pillələrin dəyişdirilməsi göstəricisini təyin etmək olar.
ABŞ-da Dodge Durango SRT Hellcat Brass Monkey krossoverinin təklif olunan pərakəndə satış qiyməti 113 720 dollardır. BMW X5 M (625 at qüvvəsi, 750 Nm) 11 min dollar bahadır, X7 60i (530 at qüvvəsi, 750 Nm) modelinin qiyməti isə, 110 900 dollardan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.