DS brendi avtomobil sənayesinin Louis Vuitton’u olmaq istəyir və Mercedes-Benz və BMW ilə deyil, Rolls-Royce və Bentley ilə rəqabət aparmaq üçün daha yüksək qiymət seqmentinə keçmək niyyətindədir (Jaguar da eyni xəyalla yaşayır).
Bu barədə Britaniyanın “Autocar” jurnalına müsahibə verən brendin baş dizayneri Tyerri Metroz bildirib. Onun sözlərinə görə, 2014-cü ildə müstəqillik qazanmış brend çox gənc olduğu üçün mövqenin dəyişdirilməsinə vaxt gərəkdir, lakin fransız markasının 20 ildən sonra belə lüks markaya çevriləcəyinə heç kim zəmanət vermir.
Doğrudur, bu gün də fransızlar materialların keyfiyyətinə önəm verir və detallara diqqət yetirirlər. Məsələn, DS N°8 krossoverinin interyeri Audi və ya Volkswagen avtomobillərindən daha çox Rolls-Royce və Bentley modellərini xatırladır.
Metroz digər Stellantis brendləri ilə eyni arxitekturada lüks avtomobilləri yaratmağın çox çətin olduğunu etiraf edib, digər tərəfdən xoşbəxtlikdən proporsiyalarla oynamaq, dam xəttini aşağı salmaq və sözdə prestij məsafəsini artırmaq mümkündür.
Bütün yeni DS modelləri bu paradiqmaya uyğun yaradılacaqlar, lakin bu istiqamətin ilki yenə də N°8 modeli olacaq. Krossover dörd il əvvəl nümayiş etdirilmiş Aero Sport Lounge konseptindən ilhamlanıb, 350 at qüvvəsinə qədər gücə malik olan elektrik güc qurğusu ilə təchiz olunub və enerji doldurmadan 750 kilometr məsafə qət etməyə qadirdir.
"Səkkizliyin" interyerini bəzəmək üçün nappa dərisi, kanvas və alkantaradan istifadə olunur. “Satinləşdirilmiş xrom” əvəzinə 1930-cu illərin dəbdəbəli avtomobillərini xatırladan Light Gold örtük var. Krossoverin satışının başlanması bu ilin ortalarına planlaşdırılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.