Bu avtomobil həqiqətən də DS brendinin Avropa bazarındakı səkkizinci (nəsil dəyişiklikləri nəzərə alınmaqla) modeli olacaq. Üstəlik, bundan sonra bütün yeni DS modellərinin adında rəqəm simvolu mövcud olacaq: ideyaya görə, bu indeks avtomobillərin mənşəyini daha çox vurğulamalıdır, çünki ənənəvi olaraq fransız dilində saylar belə təyin edilirlər.
8 həmçinin sonsuzluq işarəsi ilə oxşarlığına görə seçilib və əvvəllər fransız istehsalçısı tərəfindən istifadə olunmayıb. Bundan əlavə, DS N°8 elektrik mühərrikinə tam keçidi qeyd edən şirkət üçün əlamətdar modelə çevrilməlidir.
İstehsalçı DS N°8 modelini SUV Coupe termini ilə işarələyib, lakin əslində bu, gövdənin aşağı perimetri boyunca uzanan qara plastikdən kuzov dəstinə malik olan liftbəkdir. Ön hissədə radiator barmaqlığının əvəzləmiş dinamik işıqlandırmalı panel və brendin loqotipi yerləşir.
Tərtibatçılar elektromobilin dizaynının təkcə effektiv deyil, həm də aerodinamik cəhətdən tənzimləndiyini vurğulayırlar: Cx əmsalı cəmi 0,24-dür. Ölçü baxımından yenilik BMW i4 və ya Tesla Model Y modellərinə yaxındır.
Onun uzunluğu 4,82 metr, eni - 1,90 metr, təkər bazası - 1,58 metr, pasport üzrə klirensi isə, 155 millimetrdir. Kuzov rəngləri palitrasına beş çalar daxildir, təkər disklərinin ölçüsü 19 ilə 21 düym arasında ola bilər.
DS N°8-in interyerini yaradan zaman dizaynerlər bahalı yaxtaların daxili tərtibatından ilham alıblar. Ön paneldəki rəfdə iki ayrı ekran – cihazlar panelinin 10,25 düymlük və media sistemin 16 düymlük displeyləri var.
Qeyri-adi dördqollu sükan çarxı da diqqət cəlbedən elementlərdəndir. Qapılar Focal Electra 3D Hi-fi audio sisteminin vizual olaraq ön panelin davamı kimi görünən zərif korpuslarda yerləşən dinamikləri ilə təchiz edilib.
Salon üzrə 14 dinamik yerləşdirilib, audio sisteminin gücü 690 Vattdır. Əlbəttə ki, inkişaf etmiş kontur işıqlandırması da mövcuddur. Baqajın həcmi 620 litrdir, arxa divanın kürək hissəsi qatlana bilir, həmçinin uzun əşyaların daşınması üçün lyuk var.
Son trendlərə uyğun olaraq, DS, təkrar emal edilmiş parçalar və plastiklərdən bol şəkildə istifadə olunan üç "vegan" daxili tərtibat variantını təklif edir. Bununla belə, premium statusunu qorumaq üçün nappa dərisi ilə üzlənmiş daha iki tərtibat versiyası təklif olunur.
Digər bir xüsusiyyət, Mercedes-Benz kabrioletlərində olduğu kimi, ön başlıqlardakı opsional boyunun isidilməsi sistemidir.
DS N°8 modeli 400 voltluq elektrik sistemi olan STLA Medium modul platformasında inşa edilib, yəni texniki baxımından Peugeot e-3008 və e-5008 modelləri ilə unifikasiya olunub. Debüt çeşidinə üç modifikasiya daxildir.
Baza versiyası ön oxdakı elektrik mühərrikinə (230 at qüvvəsi, 343 Nm) və 74 kilovat/saatlıq dartma batareyasına malikdir. Belə krossover 100 km/saata 7,7 saniyəyə sürətlənir və dolu batareya ilə 572 kilometr (WLTP dövrünə görə) qət etmək iqtidarındadır.
Long Range versiyası 245 at qüvvəsi və 343 Nm hasil edən yeganə mühərrikə və 97,2 kilovat/saatlıq batareyaya malikdir. O, 750 kilometrə qədər yürüş məsafəsini təmin etməlidir! 100 km/saata sürətlənmə 7,8 saniyə çəkir.
Tamötürməli top versiya 350 at qüvvəsi və 509 Nm hasil edən iki mühərrikə və eyni 97,2 kilovat/saatlıq batareyaya malikdir. Bu elektromobil ilk “yüzlüyü” 5,4 saniyəyə toplayır və dolu batareya ilə enerji yükləmədən 686 kilometr qət edir. Bütün versiyaların maksimal sürəti 190 km/saat həddində məhdudlaşıdırılıb.
Əvvəlcə çeşidin bu üç versiya ilə məhdudlaşacağı güman edilirdi. Bununla belə, elektromobil bazarının zəifləməsi Stellantis konsernini öz planlarına yenidən baxmağa məcbur edib: ötən yayda DS markasının tam elektrikləşdirilməsi strategiyası ləğv olunub və perspektivli DS N°8 ailəsinə təkrar doldurulan hibridlər əlavə edilib.
Onların yaradılması üçün heç bir texniki problem yoxdur, çünki eyni platformalı Peugeot krossoverlərində artıq belə versiyalar mövcuddur, lakin bütün sınaqları və inkişaf işlərini nəzərə alınsa, hibridlərin debütü ən yaxşı halda 2026-cı ildə baş tuta bilər.
Elektrik versiyalarına gəlincə, onların şarj sistemi 11 və ya 22 kilovatlıq gücə malikdir, DC terminalından sürətli yükləmə isə, 200 kilovata qədər gücü dəstəkləyir. Bir pedallı idarəetmə rejimi, istilik nasosu və qabaqcıl batareya termotənzimləməsi sistemi olan güclü rekuperasiya da nəzərdə tutulub.
Başqa bir ailə xüsusiyyəti, ön şüşənin altında kamerası olan aktiv asqıdır: DS 7 modeli kimi, sistem avtomobilin qarşısındakı yol səthini skan edir və elektron idarə olunan amortizatorların tənzimləmələrini aktiv şəkildə dəyişir.
Şirkət, DS N°8 üçün elektrik mühərrikləri və dartma batareyalarının Fransada istehsal olunduğunu vurğulayır: onları Emotors və ACC şirkətləri tədarük edirlər. Bununla belə, avtomobillərin istehsalı İtaliyada, Melfidəki Fiat zavodunda təşkil olunacaq.
İstehsala 2025-ci ilin birinci rübündə başlanacaq, Avropadakı satışlar isə, yay aylarına planlaşdırılıb. Hələlik yalnız ön ötürməli ən uzunmənzilli Long Range versiyasının qiyməti göstərilib: təxminən 65 min avro.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.