Ferrari şirkəti 2019-cu ildə öndə yerləşən V8 mühərriki olan kiçik Roma modelini buraxaraq grand tourismo seqmentinə müdaxilə edib. İndi isə, onun xələfi - İtaliyanın cənub-qərb sahilindəki Amalfi kurort şəhərinin adını daşıyan Ferrari Amalfi kupesi təqdim olunub. Əslində bu, adi yenilənmədən başqa bir şey deyil və hətta avtomobilin zavoddaxili indeksi (F169) də dəyişməyib, ona yalnız “M” hərfi əlavə edilib.

Avtomobilin kuzovu olduğu kimi qalıb, lakin onun dizaynı italyan brendinin müasir üslubuna uyğun olaraq yenidən işlənib. Nazikləşmiş fənərləri və böyük “dimdiyi” olan yeni ön tərəf Purosangue və 12Cilindri modelləri ilə eyni üslubda hazırlanıb. Kapotun və baqajın qapağının forması dəyişdirilib, arxa tərəfdə üç mövqeli yuxarı qalxan spoyler peyda olub. O, 250 km/saat sürətində 110 kiloqrama qədər yerəsıxma qüvvəsini təmin edir.

Yeni dayağa baxmayaraq, kupenin ölçüləri demək olar ki, dəyişməyib: onun uzunluğu 4 millimetr artaraq 4660 millimetr olub, eni və hündürlüyü isə, müvafiq olaraq, 1974 və 1301 millimetr təşkil edir. 2670 millimetrlik təkər bazası isə, bu ailənin ilki - 2008-ci ilin Ferrari California kupe-kabrioleti ilə eynidir. 20-düymlük diskləri Bridgestone Potenza Sport və ya Pirelli P Zero şinləri ilə təchiz etmək olar. Superkarın quru çəkisi demək olar ki, dəyişməyib: əvvəlki modeldəki 1472 əvəzinə 1470 kiloqram.

2+2 interyeri yenidən işlənib, baxmayaraq ki, yalnız bir əsas dəyişiklik var: əgər Roma superkarında mərkəzi konsolda nazik şaquli displey var idisə, Amalfi genişformatlı üfüqi ekrana (10,25 düym) sahibdir. Media sistemi Apple CarPlay və Android Auto protokollarını dəstəkləyir. Sürücünün qarşısında cihazlar panelinin 15,6 düymlük ekranı, ön sərnişin isə, əvvəlki kimi, 8,8 düymlük “şturman” ekranından istifadə edə bilər. Alüminiumla işlənmiş mərkəzi tunelə induksion şarj paneli inteqrasiya olunub. Əlavə ödəniş müqabilində 10 pnevmatik kamerası olan masaj funksiyası ilə təchiz edilmiş havalandırılan oturacaqları, həmçinin Burmester audiosistemini (14 dinamik, 1200 vatt) quraşdırmaq mümkündür. Baqajın həcmi 273 litrdir.

Uzun kapotun altında, baza daxilində, yenidən işlənmiş iki turbokompressoru olan F154 ailəsinin 3,9-litlik V8 mühərriki yerləşir. Onun gücü 620-dən 640 at qüvvəsinə qədər artırılıb, lakin fırlanma anı dəyişməyib (760 Nm). Səkkiz pilləli preselektiv “robot” yenidən işlənilib. Ferrari Amalfi kupesi 100 km/saat həddini 3,3, 200 km/saat həddini isə, 9,0 saniyəyə yığa bilir (Roma modelində bu göstərici müvafiq olaraq, 3,4 saniyə və 9,3 saniyədir). Maksimal sürət əvvəlki kimi 320 km/saatdır.

Şassidəki əsas yenilik "naqil" ilə idarə olunun əyləclərin tətbiqidir: onların yavaşlamanı daha dəqiq dozalanmağa imkan verdiyi və yenidən tənzimlənmiş ABS Evo sistemi ilə tandemdə daha ahəngdar işlədiyi bildirilir. Qalan halda şassi nöqtəvari təkmilləşdirilib: Side Slip Control (SSC) stabilizasiya sistemi 6.1 versiyasına qədər yenilənib, elektrik sükan gücləndiricisi yenidən tənzimlənib. Ön asma yoldakı maneələri qət etmək üçün avtomobilin burnunu 40 millimetr qaldıran opsional sistem ilə təchiz edilə bilər.
Ferrari artıq Amalfi üçün sifarişləri qəbul etməyə başlayıb, onun başlanğıc qiyməti 240 min avrodur, yəni təqaüdə göndərilən Roma modelindən 30 min bahadır. Lakin bu, əvvəlki kimi, şirkətin çeşidindəki ən əlçatan superkardır. Daha sonra Ferrari Roma Spider modelini əvəz edəcək rodster debüt etməlidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.