Stellantis konserni Avropa bazarındakı ən böyük səhvlərindən birini düzəldib. 2020-ci ildə peyda olan yeni nəsil Fiat 500 yalnız elektromobil formatında təklif edilirdi və bu, onun uğursuzluğunun başlıca səbəbi olub. Əgər əvvəlki “beş yüz” ən yaxşı illərində 200-210 min nüsxədə satılırdısa və hətta karyerasının sonunda hər il 170-180 min alıcı tapırdısa, yeni model bu rəqəmlərdən çox-çox uzaqdır.

2024-cü ildə Avropa bazarında iki nəsildən olan 91 min avtomobil satılıb və bunun əksər hissəsini əvvəlki nəsil benzin avtomobilləri təşkil edib, baxmayaraq ki, onların istehsalı Avropa İttifaqının kibertəhlükəsizlik və yardım elektronikası sahəsindəki qaydalarının sərtləşdirilməsindən sonra yayda dayandırılıb.
Xoşbəxtlikdən, Fiat menecerləri əvvəlcədən həyəcan təbili çalmağa başlayıblar və 2024-cü ilin əvvəlində hibrid qurğulu Fiat 500 modelinin hazırlanacağı bildirilib. İndi isə, hibrid rəsmi olaraq təqdim edilib.

Yeni Fiat 500 Hybrid, ilkin olaraq elektromobil kimi yaradılmış modelin daxili yanma mühərrikli modelə çevrilməsi ilə nəticələnən nadir hallardan biridir. Bunun üçün 500 modelinin alt və mühərrik bölməsi əhəmiyyətli dərəcədə dəyişdirilib. Yanacaq çəni arxa oturacağın altında, əvvəlki 500 modelindən götürülmüş güc aqreqatı isə, alt çərçivənin qarşısında yerləşdirilib.
Əslində Hybrid prefiksi bir qədər güclü səslənir, çünki FireFly ailəsindən olan 1,0-litrlik üçsilindrli atmosfer mühərrikinə yalnız 12 voltluq startyor-generator yoldaşlıq edir. O, start-stop sisteminin işinə cavabdehdir və sürətlənmənin ilk saniyələrində benzin mühərrikinin dirsəkli valını fırlatmağa kömək edir.

Üstəlik, hələlik yalnız altı pilləli mexaniki transmissiya bəyan olunub - onun dəstəyi üçün salonda ayrıca podium quraşdırılıb (elektromobildə düyməli selektro var). Hibrid qurğunun gücü hələlik dəqiqləşdirilməyib, lakin 2020-ci ildən 2024-cü ilə qədər istehsal edilən və eyni texnikaya malik olan əvvəlki Fiat 500 Hybrid modelinin hasilatı 70 at qüvvəsi və 92 Nm idi.
Zahirən Hybrid versiyası elektromobildən yalnız təfərrüatlar ilə fərqlənir: ön bamperdəki havalandırma dəliklərinin sayı artırılıb, üstəlik, burundakı loqotipin altında radiatoru soyutmaq üçün kəsik peyda olub. Buraxılış sisteminin çıxış borusu gizlədilib. Təchizat baxımından hibrid elektromobildən fərqlənmir: virtual cihazlar paneli, Uconnect 5 media sistemi (10,25 düym) və elektron köməkçilər dəsti də var.

Elektromobil kimi, Fiat 500 Hybrid də üç kuzov növü ilə təklif ediləcək: adi üçqapılı hetçbek, onun 3+1 formulu ilə işarələnmiş versiyası (hərəkət istiqamətinin əksinə açılan qarşı açılan bir arxa qapı ilə), həmçinin sürüşdürülərək açılan parça damı olan kvazikabriolet.
Bazara ilk çıxan Torino adlanan xoşgəldin versiyası olacaq, çünki yeni nəsil Fiat 500 modelinin istehsalı Turindəki Mirafiori zavodunda həyata keçirilir. Hibridlərin buraxılması üçün konveyer xətti də modernləşdirilib.
İtaliyan mənşəyi, ölkə daxilində istehsalın canlandırılması və artırılmasının tərəfdarı olan İtaliyanın hazırkı hökuməti üçün inanılmaz dərəcədə vacibdir. Xatırladaq ki, əvvəlki “beş yüz” Polşada istehsal olunurdu. Fiat 500 Hybrid avtomobillərinin seriya istehsalına noyabrda başlanmalıdır. Yaxın gələcəkdə bu, Turin zavodundakı istehsalın həcmini ildə 100 min avtomobilə qədər artırmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.