Ford Mustang GTD sportkarı asqıya nəzarət etmək üçün xüsusi pəncərə ilə təchiz olunub. 2023-cü ilin yayında Ford 800 at qüvvəli V8 mühərriki ilə hərəkətə gələn ən güclü Mustang GTD kupesini təqdim edib. Model faktiki olaraq, “Le Manın 24 Saatı” yarışında iştirak edən Mustang GT3 yarış avtomobilinin homologasiya keçmiş versiyasıdır. Mustang GTD adaptiv asqını, aktiv aerodinamik elementlərini və xüsusi olaraq hazırlanmış kompressorlu mühərriki alıb. Detalların bir hissəsi o qədər dəqiq işlənib ki, mühəndislər onları sportkarın sürücüsü və sərnişinlərindən gizlətməyin düzgün olmadığını hesab edirlər.

Mustang GTD modelinin arxa asqısındakı amortizatorlar və yaylar həmişəki kimi onların üstündə deyil, arxa təkərlərin arasında yerləşir. Hər bir amortizator iki yaya malikdir - sportkarı şəhərdə sürərkən onlar birlikdə işləyərək rahat gedişi təmin edirlər. Sürücü tərəfindən seçilən Track rejiminin aktivləşdirilməsi halında isə, hidravlik sistem yaylardan birini sıxaraq onun ümumi sərtliyini demək olar ki, iki dəfə artırır və sportkarın trekdəki imkanlarını maksimuma çatdırmaq üçün avtomobilin kuzovunu təxminən 40 millimetr aşağı salır.

Image alt Image alt Image alt Image alt Image alt

Daha sərt yay mexaniki ilişməyə kömək edir, lakin yarış avtomobilində olduğu kimi, daha sərt yaylar aerodinamik ilişməni yaxşılaşdırır. Mustang GTD kupesinin aktiv aerodinamikası avtomobili yüksək sürətlərdə yerə sıxarkən, Track rejimindəki daha sərt yaylar aerodinamik çömbəlmənin qarşısını alır, sürətlənmə və əyləcləmə zamanı, habelə döngələrdə şinlərə mümkün olan ən geniş təmas sahəsini saxlamağa kömək edir.

“Arxa asqı xüsusi olaraq, hərəkət zamanı effektivliyi təmin etmək üçün layihələndirilib, lakin ona baxmaq da xoşdur. Bu şah əsəri gizlətmək böyük günah olardı, odur ki, salondakı xüsusi pəncərə sayəsində avtomobilin sahibi texniki paneli çıxarmadan amortizatorlardakı mavi və qızılı vurğulardan həzz ala, sərnişin isə, sözün əsl mənasında asqının işləməsini müşahidə edə bilər”, - Ford Mustang GTD layihəsinin marketinq meneceri Cim Ouens bildirib. Pəncərənin ölçüləri 61 x 25 santimetrdir və hər iki tərəfdən cızıqlara davamlı polikarbonatdan hazırlanıb. Bu unikal həll sayəsində avtomobilin arxa asqısının işi salondan görünür.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.