GAC konserninin yeni yığcam elektromobili bu yaxınlarda zavoddaxili AY2 kodu ilə ortaya çıxmışdı. İndi isə, onun Aion UT adlı seriya versiyası Quançjou avtosalonunda debüt edib. Bu model Aion markasının ixraca iddialı olan münasib qiymətli batareyalı avtomobillərin istehsalına yönəldiyini nümayiş etdirir.
Yığcam elektromobil brendin lakonik formaları, habelə ön və arxada heç bir bəndi olmayan ayrıca işıqlandırma texnikasını ehtiva edən yeni dizayn üslubunda görünüşə malikdir ki, bu da onu çoxsaylı analoqlarından fərqləndirir.
Ölçü və format baxımından o, Volkswagen ID.3, MG4 və BYD Dolphin elektromobillərinin birbaşa rəqibidir: elektrokarın uzunluğu 4270 millimetr, eni - 1850 millimetr, hündürlüyü isə, 1575 millimetrdir. Təkər bazası bu sinif üçün heç də kiçik olmayan ölçüyə malikdir - 2750 millimetr. Kuzov rənglərinin palitrasına altı çalar daxildir.
Daxili tərtibat müasir elektromobil standartlarına uyğun olaraq hazırlanıb. Ön panel fiziki düymələrdən tamamilə məhrumdur, cihazlr paneli təvazökar 8,8-düymlük displeydən ibarətdir və bütün bort sistemlərinin idarəetməsi isə, media sisteminin 14,6-düymlük ekranına həvalə edilib.
O, HiCar, CarLink və Apple CarPlay protokollarını, həmçinin süni intellektdən istifadə edən səslə idarəetməni dəstəkləyir. Yığcam ölçülərinə baxmayaraq, Aion UT layiqli baqaj həcminə malikdir: ikinci cərgənin arxasında 440 litrlik məkan var, arxa cərgə qatlandıqda isə, bu məkan 1600 litrə qədər artır.
Aion UT hetçbeki artıq ikinci nəsil Aion V krossoverinin və Aion RT sedanının əsasını təşkil edən AEP 3.0 platformasında inşa olunub. O, qabaqcıl sayılmayan 400 voltluq elektrik sisteminə malikdir, üstəlik, hetçbek yarı müstəqil arxa asqını alıb.
Bununla belə, batareyanın daha səmərəli və daha sürətli doldurulmasını təmin edən silisium karbidindən istifadə olunan güc elektronikasını saxlayıb. CATLfirmasının litium-dəmir fosfat batareyalarının tutumu, eləcə də yürüş ehtiyatı göstəriciləri hələlik açıqlanmayıb. Amma elektromobilin ön oxda quraşdırılmış 136 at qüvvəli elektrik mühərriki ilə təchiz edildiyi məlumdur. Maksimal sürət - 150 km/saatdır.
Çində Aion UT modelinin satışının başlanması 2025-ci ilin yanvar ayına planlaşdırılır və dəqiq qiymətlər həmin zaman açıqlanacaqlar. Daha əvvəl hetçbekin təxminən 100 min yuana, yəni MG4 və BYD Dolphin modelləri ilə eyni səviyyədə olacağı açıqlanmışdı. Adı çəkillən modellər kimi, Aion UT da daha sonra Volkswagen ID.3 modelinin satıldığı ixrac bazarlarına göndəriləcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.