Böyük Geely Galaxy A7 sedanı ötən yay plagin hibrid kimi debüt edib. İndi isə, sedan elektrik versiyasına sahib olub: istehsalçı elektromobilin rəsmi şəkillərini paylaşıb, onun haqqında bəzi təfərrüatlar isə, Çinin Sənaye və Ticarət Nazirliyinin məlumat bazasında dərc edilib.
Zahiri cəhətdən Geely Galaxy A7 elektromobili hibrid həmkarından bir qədər fərqlənir: yeni model başqa ön bamperə, təkər disklərinə və bir qədər dəyişdirilmiş arxa monofənərə sahib olub. Sağ ön qanadda şarj portunu gizləndiyi lyuk quraşdırılıb.
Avtomobilin uzunluğu 4935 milimetr, eni - 1905 millimetr, hündürlüyü - 1500 millimetr, təkər bazası isə, 2845 millimetrdir: hibrid versiya 17 millimetr qısa və 5 millimetr alçaqdır, lakin hər iki versiyanın digər parametrləri eynidir. Elektrmobilinin təkər disklərinin diametri 17 və 18 düym ola bilər.
Salon hibrid versiyadan götürülüb: şəkillərdən göründüyü kimi, 10,2 düymlük rəqəmsal cihaz paneli, habelə 14,6 və ya 15,4 düymlük mərkəzi displey saxlanılacaq.
Həmçinin dairəvi görüntü kameraları, 16 dinamikli (sürücünün oturacağının başlığındakı dinamik də daxil olmaqla) Flyme audio sistemi, smartfonlar üçün 50 Vattlıq simsiz şarj qurğusu, iki zonalı iqlimə nəzarət sistemi və 256 rəngli kontur işıqlandırması gözlənilir.
Bundan əlavə, interyerdəki dörd daxili zonadan verilən əmrləri tanıyan və tamölçülü dialoqu həyata keçirə bilən süni intellektə əsaslanan səs köməkçisi olan Galaxy Flyme Auto ağıllı idarəetmə sistemi də təklif ediləcək. Nəhayət, qadcetləri birləşdirmək üçün müxtəlif interfeyslər vəd edilir.
Geely Galaxy A7 elektrokarı ön oxda quraşdırılan yeganə 218 at qüvvəli elektrik mühərriki, habelə müvafiq olaraq 470 və 550 kilometrlik gediş məsafəsini təmin edən 49,52 və ya 58,05 kilovat/saatlıq litium-dəmir fosfat batareyası ilə təchiz olunacaq.
Xatırladaq ki, qoşula bilən hibrid, 112 at qüvvəli 1,5 litrlik dördsilindrli benzin mühərriki, 238 at qüvvəli ön elektrik mühərriki və 8,5 və ya 18,4 kilovat/saatlıq batareya ilə təchiz olunub ki, bu da CLTC standartına əsasən, sırf elektrik dartması ilə müvafiq olaraq 70 və ya 150 ilometrlik gediş məsafəsini təmin edir.
Geely Galaxy A7 elektrik sedanı haqqında əlavə məlumatlar, o cümlədən satış qiymətləri daha sonra açıqlanacaq.
Qoşula bilən hibrid hazırda Çində yeddi təchizat səviyyəsində satılır və onun qiyməti 89.800 ilə 125.800 yuan (təxminən 13.000 - 18.300 dollar) arasındadır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









