General Motors konserninin baş direktoru Məri Barra korporasiyanın Avropaya elektromobillər xətti ilə qayıtmağa hazır olduğunu bildirib. Beş ilə əvvəl, Opel şirkətini PSA Peuget-Citroen konserninə satdıqdan sonra, GM faktiki olaraq Avropa qitəsini tərk edib.

Lakin Avropa qitəsi Çin və ABŞ ilə birlikdə dünyanın ən iri elektromobil bazarlarından biri hesab olunur. Bu səbəbdən də, amerikan konserni Avropaya qayıtmaq niyyətindədir. Los Ancelesdə keçirilmiş Milken Global Conference konfransında çıxış edən Barra avtomobil istehsalçısının Köhnə Dünyadakı iştirakını genişləndirmək niyyətində olduğunu təsdiqləyib:

“Beş ilə əvvəl Opel şirkətini Stellantis ittifaqına satdıq və daxili yanma mühərrikli avtomobillər istehsal edən şirkətin satışından heç də peşiman deyilik. Bununla belə, Avropaya elektromobil istehsalçısı qismində qayıtmaq barədə düşünürük və bunu səbirsizliklə gözləyirik”.

General Motors konserni 2017-ci ildə, Avropada 90 il fəaliyyət göstərdikdən sonra, Opel və Vauxhall brendlərini PSA Groupe (hazırda Stellantis ittifaqının tərkib hissəsidir) birliyinə təxminən 2,2 milyard dollara sataraq Avropanı tərk etmişdi.  

Çox maraqlıdır ki, GM konserninə məxsus olan Opel və Vauxhall markaları, 16 il müddətində ardıcıl olaraq zərərlə işləyiblər, yeni sahibi isə, bu markaları aldıqdan bir il sonra gəlirli edib. Üstəlik, Opel və onun Böyük Britaniyadakı bölməsi hazırda Avropa elektromobil bazarının liderlərindən birinə çevriliblər.

Bununla belə, GM konserni hətta Opel və Vauxhall markalarının satdıqdan sonra Avropanı tam şəkildə  tərk etməyib. Avtomobil istehsalçısı avropalılara Corvette sportkarlarını və bir sıra Cadillac modellərini çatdırmağa davam edib.

2021-ci ilin noyabrında GM Avropada yeni bölmənin yaradılacağı barədə elan verib. Görünən odur ki, məhz bu bölmə elektromobil və pilotsuz nəqliyyat vasitələri ilə məşğul olacaqdır. Lakin bu barədə təfərrüatlar açıqlanmayıb, çox güman ki, ən ağlabatan namizəd kimi isə, Cadillac Lyriq krossoverini göstərmək olar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.