Koreyanın Genesis şirkəti avtoidman ambisiyalarını gücləndirməyə davam edir. Hələ cari ilin yazında Magma adlanan sürücü avtomobilləri çeşidi elan edilib. Eyni zamanda, əfsanəvi belçikalı Formula 1 pilotu və “Le Manın 24 saatı” yarışının 6-qat qalibi Jaki İks komandaya qoşulub.
Hətta onun şərəfinə möhtəşəm Genesis X Gran Berlinetta konsepti də hazırlanıb. İndi koreyalılar avtoidman gələcəyinə doğru daha bir addım atıblar və dözümlülük yarışları üçün yaradılmış Genesis GMR-001 prototipini nümayiş etdiriblər.
GMR abbreviaturası Genesis Magma Racing deməkdir, 1 rəqəmi isə, zavod komandasının ilk modelinə işarədir. Bu avtomobil LMDh sinfinə aiddir və üçüncü tərəfin homologasiya edilmiş şassisinin istifadəsini nəzərdə tutur. Genesis GMR-001 prototipi üçün Fransanın Oreca şirkətinin şassisi seçilib ki, ondan artıq Acura və Alp komandaları da istifadə edirlər.
Hibrid güc aqreqatına X-Trac transmissiyası, Williams batareyası və 68 at qüvvəli Bosch elektrik mühərriki daxildir. Eyni zamanda, hibrid sistemin ümumi gücü 680 at qüvvəsindən çox olmamalıdır, prototipin minimum çəkisi isə, 1030 kiloqramdır. Ötürmə - yalnız arxa təkərlərədir. Amma istehsalçı öz daxili yanma mühərrikini quraşdırmaqda və avtomobilin görünüşünü müəyyən etməkdə sərbəstdir.
Bununla belə, Genesis GMR-001 prototipinin dizaynı LMDh sinfinin digər nümayəndələrinə bənzərdir. Rəsmi şəkillərdə 5 metr uzunluğunda karbonplastik kuzovu, yuvarlaqlaşdırılmış kabini və nəhəng antiqanadlı və üzgəcli qabaqcıl aerodinamik kuzov dəsti olan alçaq prototip göstərilir.
Parlaq yarış livreyası olmadan, qarşımızada Genesis prototipini durduğunu yalnız burundakı korporativ loqotip və ön qanadlardakı xarakterik ikili LED zolaqlar sayəsində ayırd etmək mümkündür. Prototipin mühərriki haqqında hələlik heç bir məlumat yoxdur, lakin LMDh sinfi adətən turboüfürməli V6 və ya V8 mühərriklərdən istifadə edir.
Genesis Magma Racing zavod komandası, Fransanın IDEC Sport şirkətinin dəstəyi ilə, World Endurance Championship (WEC) beynəlxalq dözümlülük yarışları seriyasında, habelə Şimali Amerikada keçirilən oxşar IMSA çempionatında iştirak etmək niyyətindədir.
Komandaya Hyundai Motorsport bölməsinin rəhbəri fransalı Siril Abitbul rəhbərlik edəcək. Komandanın bazası isə, məşhur Paul Ricard avtodromunda yerləşəcək. Təlim məşqi olaraq, Genesis Magma Racing komandası gələn il “Le Manın 24 saatı” marafonunda və hazırda tərəfdaşları IDEC Sport komandasının yarışdığı kiçik LMP2 sinfində iştirak edəcək.
Komandanın LMDh sinfində və WEC seriyasında tam debütü 2026-cı ilə planlaşdırılıb, bir il sonra isə, Genesis IMSA çempionatında debüt edəcək. Le Manın üçqat qalibi alman pilot Andre Lotterer və IMSA seriyasının 2023-cü il mövsümünün çempionu Pipo Derani zavod pilotlarının olacağı məlumdur.
Nüfuzlu avtoidman çempionatlarında iştirak, Genesis brendinə premium seqmentinin tanınmış nümayəndələri ilə bərabər şərtlərdə rəqabət aparmaq üçün öz imicini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verir. Brendin kreativ direktoru Lük Donkervolke avtomobil idmanında iştirakın şirkətin əsas dəyərlərini ideal şəkildə vurğuladığını bildirib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.