Genesis Nyu Yorkda keçirilən avtosalonda Neolun konseptini nümayiş etdirib. Bu, gələcəkdə GV90 adlı seriya modelinə çevrilə biləcək ən böyük Genesis avtomobilidir. Konseptin adı iki sözdən, yunanca neo - yeni və latınca luna – ay sözlərindən əmələ gəlib, onun dizaynı isə, Koreyanın məşhur ay vazalarından ilhamlanıb. Neolun konseptinin ən maraqlı cəhəti fırlanan ön oturacaqlardır: onları elə çevirmək olar ki, sürücü və ön sərnişin ikinci sıradakı sərnişinlərə üzbəüz otursun.
Neolun sərnişinlərin maksimum rahatlığını təmin etmək üçün nəzərdə tutulub. Məsələn, arxa qapılar giriş-çıxışı asanlaşdırmaq üçün hərəkət istiqamətinin əksinə açılır, orta dayaqlar yoxdur, ikinci sırada isə, qeyri-adi formalı dirsəkaltı ilə bölünmüş, habelə irəli çıxan ottomanları və inkişaf etmiş yan dəstəyi olan iki yüksək komfortlu kreslo quraşdırılıb.
Tavanda iki ekran quraşdırılıb, bütün salon boyu qabaqcıl audiosistemin dinamikləri quraşdırılıb - onların hər biri, konsert zalında olduğu kimi, həcmli səslənmə effekti yaratmaq üçün xüsusi şəkildə yerləşdirilib. İnteryer tərtibatında Purple Silk rəngli dəri və Royal Indigo çalarında kəşmirdən istifadə olunub, döşəmə isə, təbii ağacla örtülüb.
Ön paneldə nəhəng düzbucaqlı ekran var, ənənəvi cihazlar paneli isə, mövcud deyil. İqlimə nəzarət sistemi də qeyri-adi şəkildə həyata keçirilir: salonun qızdırılmasına hava kanallarından gələn isti hava deyil, ön panelə, qapı kartlarına, döşəməyə və oturacaqların kürək hissəsinə inteqrasiya olunmuş qızdırıcı panelləri cavabdehdir.
Genesis Neolun konseptinin texniki hissəsi barədə məlumat verilməyib. Bununla belə, şirkət belə bir krossoverin yaxın gələcəkdə kütləvi şəkildə istehsal oluna biləcəyinə eyham vurub. Bunun yaxın beş il ərzində baş verəcəyini güman etmək olar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.