2013-cü ildən başlayaraq General Motors konserni və Honda şirkəti “yaşıl” texnologiyalar sahəsində əməkdaşlıq edirlər. Tərəfdaşlar ekoloji cəhətdən təmiz nəqliyyatın inkişafına kömək edəcək yenilikləri bir-biri ilə bölüşürlər. Bu dəfə tərəfdaşlar büdcə seqmentindən olan elektromobillərin istehsalına şərait yaradacaq yeni universal platformanı hazırlayacaqlarını bildiriblər. Birgə arxitekturada inşa ediləcək ilk seriya modeli 2027-ci ildə işıq üzü görəcəkdir.
Elektromobillərin istehsalı üçün nəzərdə tutulmuş birgə platforma Honda və GM şirkətlərinin doqquz illik əməkdaşlığının növbəti mərhələsi olacaqdır. Yeni arxitekturanın yaradılması çərçivəsində mühəndislər istehsal proseslərini standartlaşdıracaq, habelə ortaq avadanlıqlardan istifadə edəcəklər. Belə tədbirlər minimum xərc çəkməklə, bütün dünya bazarları üçün ucuz elektromobilləri istehsal etməyə imkan verəcəkdir.
Birgə istehsal çərçivəsində istehsal ediləcək ilk batareyalı model, Şimali Amerika bazarı üçün nəzərdə tutulmuş büdcə krossoveri olacaqdır. Yeni elektrokarın 2027-ci ildə debüt edəcəyi gözlənilir. Bundan əlavə, birgə fəaliyyət çərçivəsində şirkətlər dartma batareyalarının yaradılmasına başlayacaqlar. Hazırda yapon brendi özünün sərt gövdəli batareyalarının yaradılması üzərində işləyir, amerikalılar isə litium-metal və silisium batareyalarına üstünlük verirlər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.