Yəqin ki, yeni Mustang modelinin Dark Horse adlı top versiyası barədə məlumatınız var. Lakin əksəriyyət onun mexaniki kompressora malik olmadığını bilmir. Odur ki, tüninq atelyelərinin güclü amerikan V8 mühərriklərinin bu əvəzedilməz atributunu quraşdırmağa başlamasında təəccüblü bir şey yoxdur.

Məsələn, bir ay əvvəl Shelby American firması Mustang modelinin kompressorlu versiyasını göstərib, indi isə, Texasda fəaliyyət göstərən Hennessey Performance atelyesi öz baxışını təqdim edib. Onun H850 Mustang Dark Horse layihəsi daha dəlisov alınıb.

Standart 5,0-litrlik  Coyote V8 mühərriki hərtərəfli təkmilləşdirmədən keçib. Yeni yanacaq injektorları və nasosu, fərqli qəbuledici sistem, mühərrikin firma elektron idarəetmə bloku və ən əsası - mexaniki ötürücülü kompressor quraşdırılıb.

Nəticədə V8 aqreqatının hasilatı standart 507 at qüvvəsi və 567 Nm-dən təsiredici 862 at qüvvəsi və 880 Nm-ə qədər artıb. Shelby isə, cəmi 840 at qüvvəsi təklif edir. On pilləli avtomatik və Tremec mexaniki transmissiyası arasında seçim zavod versiyasında olduğu kimidir.

Əlbəttə ki, Hennessey H850 Mustang Dark Horse orijinal Ford modelindən daha dinamikdir. Avtomatik transmissiyası olan texaslı Dark Horse 60 mil/saat (97 km/saat) həddini zavod versiyasından 0,5 saniyə yeyin - 3,2 saniyəyə yığır.

H850 standart dörddəbir mil məsafəsini 10,9 saniyəyə qət edərək finalda  214 km/saat sürətini toplayır. Donorun müvafiq göstəriciləri isə, 12 saniyə və 190 km/saatdır.

Artan gücə əlavə olaraq, Hennessey H850 Mustang Dark Horse firma loqotipləri və nişanları, o cümlədən oturacaq başlıqlarındakı tikmə-naxışlar ilə öyünə bilər.

Kuzov stikerləri dəsti 4500 dollara təklif olunur, yüngül lehimli təkər diskləri üçün isə, əlavə 5000 dollar ödənilməlidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ancaq xarici anturaj arxasında qaçmasanız, H850 yaxşı təklif kimi görünür: 59 min dollar dəyərində donor Ford Mustang Dark Horse və 25 min dollar dəyərində təkmilləşdirmələr dəsti. Cəmi - 84 min dollar və üç illik zəmanət (və ya 36 min mil).

Nəzərə alsaq ki, Hennessey şirkəti özünün əsərini 300 min dollara satılan kiçikmiqyaslı Ford Mustang GTD modeli ilə (güc və dinamika baxımından) müqayisə edir, təklif həqiqətən maraqlıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.