Bir il əvvəl Honda 0 və ya “sıfır” adlı yeni qlobal elektromobillər ailəsinin yaradıldığını elan edib. Bu indeks Honda üçün çox da uğurlu olmayan əvvəlki elektromobil layihələrinə istinad etmədən avtomobillərin sıfırdan hazırlandığını vurğulamaq məqsədi daşıyır. Keçən il şirkət reallıqla əlaqəsi olmayan iki konsept avtomobilini nümayiş etdirib, indi isə, CES 2025 sərgisi üçün 0 ailəsindən olan elektromobillərin seriyaöncəsi versiyaları hazırlanıb.
Honda 0 və Asimo
CES sərgisinin elektronikaya istiqamətlənən bir şou olduğundan, Honda hələlik özünün eksponatlarının heç bir texniki xüsusiyyətini açıqlamayıb. Bütün “sıfır” modellərinin əsaslanacağı orijinal elektrik platforması haqqında belə təfərrüatlar yoxdur. Ümumiyyətlə, hələlik yalnız şəkillərə baxmaq mümkündür, bununla belə, elektron içalat haqqında bəzi təfərrüatlar məlumdur.
Honda 0 SUV
Bazara ilk çıxan Honda 0 SUV krossoveri olacaq: onun istehsalının 2026-cı ilin birinci yarısında, Ohayodakı Honda EV Hub müəssisəsində başlaması planlaşdırılır. Seriyaöncəsi elektromobilin ötənilki Space Hub konsepti ilə ümumi cəhətləri azdır: krossover daha ənənəvi ikihəcmli kuzova və ənənəvi qapılara malikdir.
Honda 0 Saloon
Honda 0 Saloon sedanı yuxarı qalxan qapılarını itirsə də, paz şəkilli siluetini və arxa pəncərəsiz qeyri-trivial dizaynını saxlayıb. Tərtibatçılar aşağı dam xəttini vəd edir, bununla belə, rahatlığın bütün adi elementləri olan geniş interyer mövcuddur. Saloon modelinin 2026-cı ilin ikinci yarısında istehsala gedəcəyi və Ohayodakı eyni zavodda istehsal ediləcəyi gözlənilir.
Honda 0 Saloon
Honda şirkəti "sıfır" ailəsinin elektromobillərin üçün uzun müddətdir ki, özünün elektronika sahəsində uğurlarını təcəssüm etdirən Asimo humanoid robotunun şərəfinə Asimo OS adlanan firma əməliyyat sistemini hazırlayır. İlk Asimo robotu 2000-ci ildə təqdim edilib və Honda 2011-ci ildə onun son versiyasını nümayiş etdirib və bundan sonra bu sahədəki inkişaf faktiki olaraq dayandırılıb. Yeni Asimo ƏS əməliyyat sistemi süni intellektə (Helm.ai ilə birgə hazırlanıb) və özünütəhsil qabiliyyətinə malik olacaq.
Honda 0 Saloon
Bütün bunlar multimedia imkanları üçün deyil, daha çox avtopilot üçün faydalı olacaq: “sıfır” modelləri üçün üçüncü səviyyəli sistem vəd edilir. Dörd il əvvəl Honda kommersiya avtomobillərində belə avtopilotu təklif edən ilk şirkətlərdən biri olub, lakin o zaman Honda Legend sedanı yalnız tıxaclarda pilotsuz rejimə keçə bilirdi. Gələcək elektromobillər daha geniş avtopilot imkanlarına malik olmalıdır, üstəlik, əməliyyat sisteminin müntəzəm olaraq havadan yenilənəcəyi vəd edilir.
Honda 0 Saloon
Növbəti nəsil “sıfır” modelləri üçün isə (Honda 2030-cu ilə qədər yeni ailənin yeddi nümayəndəsini buraxmağı vəd edir), avtomobilin bütün funksiyalarına cavabdeh olacaq tək mikroprosessora əsaslanan xüsusi idarəetmə bloku hazırlanacaq. Belə bir qurğunun hazırlanması üçün Honda artıq Yaponiyanın Renesas Electronics Corporation şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. 400 STƏ (saniyədə trilyon əməliyyat) məhsuldarlığına malik olan R-Car X5 çipi əsas götürüləcək və neyroprosessorun köməyi ilə bu rəqəm 2000 STƏ-yə çatdırılacaq.
“Sıfır” ailəsindən olan krossover və sedanın ilk bazarı ABŞ olacaq, lakin sonra bu modellər Avropa və Yaponiyada satışa çıxarılacaqlar. Eyni zamanda, Honda dartma batareyalarının utilizasiyası istiqamətini və enerji doldurma infrastrukturunu inkişaf etdirmək niyyətindədir. Məsələn, ABŞ-da avtomobillər NACS şarj portları ilə təchiz olunacaqlar - yəni, onların Tesla Supercharger şəbəkəsinə girişi olacaq. Bundan əlavə, Honda ABŞ-da 2030-cu ilə qədər 30 000 enerji doldurma stansiyasını özündə birləşdirməli olan yeni şəbəkə yaratmaq üçün Ionna konsorsiumuna qoşulub.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.