Honda şirkəti 1963-cü ildən bəri “H” hərfi formasında olan loqotipdən istifadə edir və o, 1969, 1981, 1991 və 2001-ci illərdə yenilənib. İndi firma loqotipi bir daha modernləşdirilib, lakin yeni versiya yalnız elektrikləşdirilmiş modellər üçün nəzərdə tutulub.
Yeni loqotip ilk dəfə bir neçə il əvvəl 0 Series konsept avtomobillərində nümayiş etdirilib, daha sonra isə, ötən ilin aprel ayında təqdim edilən GT liftbəkinə qismət olub. Bu loqotip brendin bütün avtomobil xəttinin simvoluna çevriləcək və ondan diler mərkəzlərinin tərtibatında istifadə ediləcək.
Gələn il yeni loqotip ötən ilin aprel ayında kamuflyajda nümayiş etdirilmiş 0 SUV krossoverində tətbiq olunacaq. Yeni krossover Ohayo ştatındakındakı zavodda istehsal ediləcək: modelin əvvəlcə bu il satışa çıxarılması planlaşdırılırdı, lakin yeni simvoldan artıq 2027-ci ildən başlayaraq istifadə etmək planlaşdırılır.
Konseptual Honda 0 sedanının əmtəə versiyası daha sonra işıq üzü görməlidir, onun ardınca isə, oktyabr ayının sonlarında konsept kimi debüt edən yığcam 0 Alpha krossoveri buraxılacaq. O, qlobal model kimi hazırlanır, baxmayaraq ki, əsas diqqət Yaponiya və Hindistan bazarlarına yönəldiləcək.
Yeni loqotip təkcə elektromobillərdə deyil, həm də bəzi gələcək hibridlərdə də tətbiq olunacaq. 2027-2031-ci illər arasında yapon istehsalçısı yenilənmiş e:HEV güc aqreqatı ilə hərəkətə gələn 13 yeni modeli hazırlamağı planlaşdırır.
Yenilənmiş loqotipin ənənəvi daxili yanma mühərrikli nəqliyyat vasitələrində istifadə olunub-olunmayacağı barədə hələlik heç bir məlumat yoxdur.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.









