Nyu Yorkda keçirilən avtomobil sərgisində Hyundai şirkəti brutal çərçivəli Boulder ofrouderinin konseptini təqdim edib. Bu, koreyalıların ofrouder mövzusunda ilk çalışmaları deyil, çünki ötən ilin noyabr ayında Hyundai Crater adlı konsept avtomobili təqdim edilmişdi.
Lakin bu futuristik konsept seriyadan çox uzaq idi və sadəcə Hyundai brendinin XRT indeksli ofrouderlərinin dizaynının hansı istiqamətdə inkişaf edəcəyini göstərirdi. Digər tərəfdən, Boulder konsepti pikap kimi olsa da, seriyaya getmək şansına malikdir.
Ortaq Art of Steel üslubuna baxmayaraq, Hyundai Boulder konseptinin görünüşü Crater şoukarının iti formalarından olduqca fərqlidir. İti bucaqlar klassik Amerika ofrouderlərini xatırladan hamar, retro üslublu kuzov konturları ilə əvəz olunub. Boulder 37 düymlük “dişli” şinlər sayəsində yüksəkdə “əyləşir” və minimal çıxıntılara malikdir ki, bu da onun ciddi ofroud qabiliyyətlərindən xəbər verir.
Konseptin ön hissəsində bölünmüş şaquli faralar cütlüyü var, əlavə işıqlar isə, barmaqlığın arxasına quraşdırılıb və damdakı ekspedisiya yük yerinə inteqrasiya olunmub. Yan tərəflərdə yuxarıda əlavə pəncərələr var, arxa qapılar isə, hərəkət istiqamətinin əksinə açılır. Arxa tərəfdə tam ölçülü ehtiyat təkəri, arxa qapıda isə, aşağı düşən pəncərə var.
İnteryer dizaynı demək olar ki, Crater şoukarının salon tərtibatına bənzəyir. Yastı sükan çarxında böyük idarəetmə düymələri, o cümlədən hərəkət rejimlərinin seçilməsi düyməsi var.
Genişformatlı proyeksiya ekranı da nəzərdə tutulub. Ön panelin mərkəzində dörd ayrı displey yerləşir, onların altında isə, dişli çarxlar şəklində olan fiziki idarəetmə elementləri var. Crater konseptində olduğu kimi, oturacaqlar qalın mütəkkələrdən yığılıb və çoxnöqtəli təhlükəsizlik kəmərləri ilə təchiz olunub. Geniş kontur işıqlandırması da nəzərdə tutulub.
Hyundai Boulder konseptinin texniki hissəsi barədə məlumat gizli saxlanılır. Məlum olan onun çərçivəli şassisinin üzərində qurulduğu və bu şassinin Amerika bazarı üçün hazırlanacaq orta ölçülü pikapın əsasını təşkil edəcəyidir. Pikapın təxminən 2030-cu ildə satışa çıxarılacağı gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









