Yeddinci nəsil Hyundai Grandeur sedanı dörd il əvvəl debüt edib və sələfləri kimi Cənubi Koreyada böyük populyarlıq qazanıb. Yuxarı sinifdə mövqeləndirilməsinə və yüksək qiymətinə baxmayaraq, o öz ölkəsində hər il dəfələrlə ən kütləvi sedan və ümumilikdə yalnız Kia Sorento krossoverindən sonra ikinci ən populyar model olub.

Lakin 2025-ci ildə Grandeur ümumi reytinqdə geriləyərək beşinci yerə düşüb, beləliklə, ikinci yeri və ən populyar minik avtomobili titulunu əlçatan Hyundai Avante/Elantra sedanına verib. Planlaşdırılan yenilənmə ilə üst-üstə düşən restaylinq bu vəziyyəti düzəltməyi hədəfləyir.

Avtomobilin eksteryerindəki dəyişikliklər əsasən onun ön hissəsində cəmləşib. Əvvəlki cütlənmiş blokları yeni nazik faralar əvəzləyib. Ön hissənin bütün eni boyunca uzanan gündüz hərəkət işıqlarının bütöv zolağı saxlanılıb.

Barmaqlıq pətəkşəkilli naxışını saxlayır, lakin bölücü zolaqdan məhrum olub və onun əvəzinə böyük gümüşü örtmələri əldə edib. Yeni ön bamper irəli çəkilmiş “dodağa”, arxa bamper isə, gümüşü örtmələrə sahib olub. Yan tərəflər dəyişməz qalır, lakin kuzovun rəng palitrası yeni çalarlarla genişləndirilib.

Yeni kuzov dayağı sayəsində yenilənmiş Hyundai Grandeur sedanının uzunluğu 15 millimetr artaraq 5050 millimetrə çatıb. Yenilənmiş avtomobilin digər ölçüləri açıqlanmayıb, çox güman ki, onlar yenilənmədən əvvəlki modeldəkindən fərqlənmirlər.

Sedanın eni 1880 millimetr, hündürlüyü - 1460 millimetr, təkər bazası isə, 2895 millimetrdir. Yeni təkər diskləri üçün yeni dizayn variantları hazırlanıb.

Yenilənmiş Grandeur sedanının interyerində daha əhəmiyyətli dəyişikliklər baş verib. Salonda əvvəlki vahid ekranın əvəzinə cihazlar panelinin ayrı ekranı və məlumat-əyləncə sisteminin böyük 17-düymlük mərkəzi displeyi quraşdırılmış tamamilə yeni ön panel peyda olub.

İqlimə nəzarət sisteminin sensorlu  bloku fiziki düymələr cərgəsi və dəstəklərlə əvəz edilib. Yeni üçqollu sükan çarxı da peyda olub. Bundan əlavə, qapı panelləri, oturacaqların örtükləri və mərkəzi tunelin konfiqurasiyasına yenidən baxılıb. Opsiyalar siyahısına elektroxrom şüşəli panoram dam əlavə edilib.

Yenilənmiş sedanın texniki hissəsi haqqında hələlik heç bir məlumat verilməyib. Xatırladaq ki, yenilənmədən əvvəlki Hyundai Grandeur modeli 2,5-litrlik GDI mühərriki (198 at qüvvəsi, 248 Nm) və V6 3,5-litrlik V6 GDI (300 at qüvvəsi, 359 Nm) atmosfer mühərrikləri ilə təchiz olunur, sonuncu güc aqreqatı həmçinin qazla işləyən 240 at qüvvəsi və 314 Nm hasil edən LPG versiyasına malikdir.

Hər üç versiyada səkkiz pilləli avtomatik transmissiya quraşdırılır, V6 mühərrikli sedanlar isə, əlavə ödəniş müqabilində HTRAC tam ötürmə sistemi ilə təchiz edilə bilərlər. 

Image alt Image alt Image alt Image alt Image alt

Hibrid güc qurğusuna malik olan Grandeur ayrıca mövqeləndirilir: o, altı pilləli avtomatik transmissiyaya inteqrasiya olunmuş elektrik mühərrikinə (60 at qüvvəsi, 264 Nm) və 1,6-litrlik turbomühərrikə (180 at qüvvəsi, 265 Nm) malikdir. Hibrid sistemin ümumi  gücü 230 at qüvvəsidir.

İlk nümayişdən göründüyü kimi, yenilənmiş Hyundai Grandeur sedanının Cənubi Koreyadakı tamölçülü debütünə az qalıb, lakin yenilənmiş modelin qiyməti və onun satışlarının başlanması tarixi hələlik gizli saxlanılır. Restaylinq keçmiş digər ölkələrdə daha sonra, lakin Hyundai Azera adı altında satışa çıxmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.