Üç il əvvəl Koreya brendi Hyundai brendinin SUV xəttini taclandıraq yeni krossoverin müjdəçisi olan Seven konseptini təqdim etmişdi. İndi isə, Los-Anceles avtosalonunda Hyundai Kia EV9 krossoverinin analoqu olan Ioniq 9 modeli təqdim edilib. Yenilik geniş salona, tam elektrik güc qurğusuna və 600 kilometrə qədər yürüş ehtiyatına malikdir.
Hyundai nümayəndələri Ioniq 9 modelinin xarici görünüşü özündə “aerodinamik yenilikləri və zərif futuristik üslubu” birləşdirdiyini bildirir. Krossover digər Ioniq modelləri kimi, ikimərtəbəli Parametric "piksel" optikasını və opsional rəqəmsal arxa görüntü kamera-güzgülərini alıb. Onlar quraşdırıldıqda, aerodinamik müqavimət əmsalı 0,259-a qədər azalır. Müqayisə üçün: Tesla Model X modelində bu göstərici 0,24-dür.
Bu, damda antenası olmayan ilk Hyundai modelidir: GPS-treker ön şüşənin, radioqəbuledicisi isə, arxa şüşənin altında gizlənib. Bəzi funksiyalar ön panelə həvalə olunub.
Krossover 3130 millimetrlik təkər bazasına malikdir ki, bu da istənilən Hyundai modelindən olduğundan daha uzundur. Eyni E-GMP platformasında inşa edilmiş Kia EV9 yenilikdən 30 millimetr aşağıdır.
Baqaj, oturacaqların kürək hissəsinin vəziyyətindən asılı olaraq 620 - 1323 litr arasında dəyişir. Tam və arxa ötürməli versiyalarda, müvafiq olaraq, 52 və ya 88 litrlik ön baqaj bölməsi də mövcuddur.
Təkər diskləri 19, 20 və 21 düymlük ola bilərlər, kuzov üçün isə, Ionosphere Green Pearl, Sunset Brown Pearl və Cosmic Blue Pearl mirvari çalarları da daxil olmaqla, 16 rəng hazırlanıb.
Krossoverin salonu altı və ya yeddi yerli ola bilər. Ön tərəfdə iki 12-düymlük ekranı olan əyri panel quraşdırılıb və standart audio sistemi səkkiz dinamika malikdir. Əlavə ödəniş qarşılığında onu 14 dinamikli Bose və daxili yanma mühərriki səs simulyatoru olan e-Active Sound Design sistemi ilə əvəz etmək mümkündür.
Maraqlı fişkalar – ayaq dayaqları və masaj funksiyaları olan açılan oturacaqlar, ikinci sıranın dönən kresloları və 100 vattlıq USB-C portları var. Standartlardan fərqli olaraq, onlar 12 voltluq batareyadan deyil, birbaşa elektromobilin dartma batareyasından qidalanırlar.
Yaxşı səs izolyasiyası, iki zonalı klimat-kontrol və ultrabənövşəyi şüalanma texnologiyasına (UV-C) əsaslanan dezinfeksiya sistemi də vəd edilir.
Trendlərə uyğun olaraq, interyer tərtibatında ekoloji cəhətdən təmiz materiallardan istifadə edilir: eko-dəri, təkrar emal edilmiş plastik şüşələrdən alınmış parça, təkrar emal olunmuş şinlərdən alınmış yun və hətta boya. Daxili tərtibat tamamilə qara və ya ikirəngli ola bilər.
Ioniq 9 üç versiyada təklif ediləcək - bir və iki mühərrikli Long Range, həmçinin üst Performance versiyasında. Versiyadan asılı olmayaraq, elektromobil 110,3 kilovat-saatlıq batareya ilə təchiz edilir.
Baza krossoveri mühərriki 214 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edir və 19-düymlük təkər diskləri ilə 620 kilometrə yaxın yürüş məsafəsinə malikdir. Digər iki versiyanın nə qədər gedə biləcəyi hələlik məlum deyil, lakin hər ikisinin mənzilinin ən azı 480 kilometr olacağı bildirilir.
Tam ötürməli Long Range versiyası öndə quraşdırılan 94 at qüvvəsi və 255 Nm hasil edən əlavə mühərriklə təchiz olunur. Çeşidin zirvəsində iki 214 at qüvvəli mühərrik ilə hərəkətə gələn Ioniq 9 Performance versiyası qərarlaşıb. Belə krossover yerindən 100 km/saata qədər 5,2 saniyəyə sürətlənir. Maksimum sürət versiyadan asılı olmayaraq 200 km/saata bərabərdir.
Hyundai Ioniq 9 krossoveri 2025-ci ilin birinci yarısında Cənubi Koreya və ABŞ bazarında satışa çıxmalıdır. Avropa və digər bazarlara çatdırılmalara sonra başlanacaq.
Qiymətlər hələlik açıqlanmayıb, lakin amerikan mediası qiymət diapazonunun 50-80 min dollar arasında olacağını proqnozlaşdırır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.