BMW iX3 krossoveri ilə eyni vaxtda, Münxendə keçirilən IAA Mobility sərgisində onun əsas rəqibi, uzun rəsmi adı olan Mercedes-Benz GLC with EQ Technology elektrik krossoveri debüt edib. Əslində, yeni elektrokar EQC modelinin varisidir. Sonuncu o qədər uğursuz olub ki, 2023-cü ildə, yəni satışa çıxarıldıqdan cəmi dörd il sonra, restayliq keçməyə macal tapmamış belə, onun istehsalı dayandırılıb.
Yeni Mercedes-Benz elektrik krossoveri adi GLC indeksini (EQ Technology prefiksi ilə olsa da) əldə edib, baxmayaraq ki, onun eyniadlı yanacaqlı model ilə heç bir ümumi cəhəti yoxdur. Bir sözlə, alman şirkətinin istehsal proqramında eyni zamanda iki fərqli Mercedes-Benz GLC krossoveri mövcud olacaq.

Mercedes-Benz GLC with EQ Technology krrossoveri 800 voltluq arxitekturaya malik olan yeni MB.EA platformasında inşa edilib. Avtomobilin uzunluğu 4845, eni - 1913, hündürlüyü isə, 1644 millimetrdir.
Təkər bazasının ölçüsü 2972 millimetrdir ki, bu da sələfi EQC (2873 millimetr) və yanacaqlı GLC (2888 millimetr) modellərində olduğundan nəzərəçarpacaq dərəcədə uzundur. Krossover öndə ikiqollu, arxada isə, çoxqollu asması olan tanış şassi sxemini qoruyub saxlayıb.

İdarələnən arxa təkərlər və adaptiv pnevmatik Airmatic asması opsiyadır. S-Class modelindəki kimi, o, ön kameralar və naviqasiya sisteminin göstərişlərindən istifadə edərək yol səthinin vəziyyətinə uyğunlaşmaq üçün öz parametrlərini (klirens də daxil olmaqla) tez bir zamanda dəyişə bilir. Nəticədə, hətta 21-düymlük təkər diskləri ilə də yüksək səviyyədə rahatlıq vəd edilir.
Bazara ilk çıxan Mercedes Benz GLC 400 4Matic with EQ Technology top versiyası olacaq. Bu krossover 489 at qüvvəli ikimühərrikli tam ötürmə ilə təchiz edilib. Arxa elektrik mühərriki iki pilləli reduktor və silisium karbidi əsaslı inventor ilə vahid blokda quraşdırılıb.

Ön elektrik mühərriki isə, adi təkpilləli reduktora və cərəyana qənaət etmək üçün qidalanmanı tamamilə söndürmək qabiliyyətinə malikdir. GLC 400 4Matic elektrokarı ilk “yüzlüyə” 4,3 saniyəyə sürətlənir və onun maksimal sürəti 210 km/saatdır. Üstəlik, krossover çəkisi 2400 kiloqrama qədər olan qoşqunu yedəyə almaq qabiliyyətinə malikdir.
Qrafit və silikon oksiddən hazırlanmış anodu olan litium-ion batareyası 94 kilovat/saatlıq faydalı tutuma malikdir ki, bu da WLTP dövrünə uyğun olaraq 713 kilometrə qədər yürüş ehtiyatını təmin edir.

Maksimal doldurma gücü 330 kilovatdır, bunun sayəsində 300 kilometrə qədər yürüş ehtiyatını 10 dəqiqə ərzində bərpa etmək olar. İdeal şəraitdə 10%-dən 80%-ə qədər standart doldurma dövrü 22 dəqiqə çəkəcək.
300 kilovata qədər gücə malik olan rekuperasiya da təmin edilir ki, məhz bu sistem 99% hallarda elektromobili dayandırmalıdır, adi sürtünmə əyləcləri isə, yalnız fövqəladə hallarda lazım olacaq. Batareyanın cərəyanına qənaiət etmək üçün əlavə töhfəni iqlimə nəzarət sisteminin standart istilik nasosu verir.

Zahiri cəhətdən yeni Mercedes-Benz GLC elektrokarını, ilk növbədə, ön tərəfdəki iri psevdo-barmaqlıq sayəsində tanımaq olar. Onun və emblemin 942 pikseldən ibarət matrisli LED arxa işıqlandırması var. Lakin belə işıqlandırma opsiyadır və əlavə ödəniş qarşılığında təklif olunur.
Faralar və arxa monofənərdə quraşdırılmış firma LED ulduzları var. İrəli çıxan qapı tutacaqları və ümumi aerodinamik işlənmə krossover standartları üzrə yaxşı Cd 0,26 əmsalını əldə etməyə imkan verib.

İnteryerin əsas xüsusiyyəti 39,1 düym diaqonallı (Mercedes-Benz avtomobillərindəki ən böyüyü) bütöv MBUX Hyperscreen ekranıdır, o demək olar ki, ön panelin bütün eni boyu uzanır. Hiperekran 1000-dən çox işıqdiodlarından ibarət olan arxa işıqlandırma ilə təchiz edilib ki, bu da lokal tündləşdirmə zonaları texnologiyasını həyata keçirməyə imkan verir.
Bununla belə, belə ekran yalnız əlavə ödəniş qarşılığında əldə edilir, standart olaraq isə, krossover bir şüşə altında yerləşən üç displeylə təchiz edilir: cihazlar panelinin 10,3 düymlük ekranı, 14 düymlük mərkəzi displey və ön sərnişin üçün başqa bir 14 düymlük ekran.

Maraqlıdır ki, baza versiyalarında sağ ekran yalnız əvvəlcədən quraşdırılmış 12 şəkili və ya yüklənmiş portret göstərir, onu tamölçülü multimedia displeyinə çevirmək üçün isə, genişləndirilmiş seçimlər paketinə pul sərf etmək gərəkdir.
Bütün bu ekran dünyası iki inteqrasiya olunmuş süni intellektə (Google və Microsoft) malik olan MB.OS əməliyyat sisteminə əsaslanan dördüncü nəsil MBUX media sistemi tərəfindən idarə olunur. Prosessorların elan edilmiş gücü 254 tops-dur.

Nəticədə, üçüncü tərəfin proqramlarını quraşdırmaq imkanı olan sistemin ən yüksək sürəti və geniş funksionallığı (onlar 40-dan çoxdur) vəd edilir. Əlbəttə ki, qabaqcıl danışıq alqoritmləri olan səs köməkçisi də mövcuddur.
Firma MB.Drive avtopilotunda on kamera, beş radar və on iki ultrasəs sensoru, həmçinin bir neçə avtonom idarəetmə səviyyəsi və qabaqcıl avtoparklaycı var, amma lidar yoxdur. Digər avadanlıqlara qabaqcıl kontur işıqlandırması, doqquz müstəqil seqmenti olan elektroxrom panoram Sky Control damı və Burmester 4D audio sistemi daxildir.
Salon orijinal Softtorino dərisi və ya müxtəlif çalarlarda nappa dərisi ilə üzlənə bilər, lakin tərtibatçılar tamamilə vegan tərtibatı ilə xüsusilə fəxr edirlər. Bildirilir ki, belə versiyada olan GLC krossoveri dünyada Vegan Cəmiyyətindən salonun bütün tərtibatında (döşəmədən tavana qədər) heyvan mənşəli materialların olmadığını təsdiqləyən sertifikat alan ilk avtomobilir.
Baqajın standart həcmi 570 litr, arxa cərgənin kürək hissəsinin qatlanması halda isə, 1740 litr təşkil edir. Kapotun altında həcmi 128 litr olan əlavə bölmə var.
Mercedes-Benz GLC with EQ Technology krossoverlərinin istehsalı Bremendəki zavodda - əvvəllər EQC modelinin istehsal olunduğu müəssisədə təşkil ediləcək. Satışların başlaması 2026-cı ilin birinci yarısına planlaşdırılıb, qiymətlər satışların başlanması ilə birlikdə açıqlanacaq.
Təqdim edilən GLC 400 4Matic top versiyasından əlavə, daha sadə variantlar və arxa ötürməli baza versiyası, həmçinin “qaynar” AMG modifikasiyaları da gözlənilir.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.