Skoda şirkətinin Tech-Deck Face “üzü” olan yeni Modern Solid korporativ üslubunu tam şəkildə mənimsəməyə vaxtı olmayıb: tamamilə belə dizayn paradiqmasında hazırlanmış ilk model Skoda Epiq krossoveri olacaq və o, bazara yalnız 2026-cı ildə çıxacaq.
Bu arada şirkətin dizaynerləri artıq bu üslubun növbəti iterasiyası üzərində işləyirlər. Yeni üslubu nümayiş etdirək ilk model də hazırdır - Skoda Vision O konsepti. Qeyd etmək gərəkdir ki, bu günə qədər belə bir Skoda görünməyib!

Qarşımızda gələcək Octavia modelinin prototipi durur – özü də tam elektrik. Üstəlik, tərtibatçılar universal form-faktorunu seçiblər, çünki Avropada belə kuzovu olan Octavia modellərinə tələbat böyükdür: 1998-ci ildən bəri 3 milyon universal satılıb.
Bununla belə, konsept hazırda istehsal olunan Octavia universalından nəzərəçarpacaq dərəcədə böyükdür: onun uzunluğu 4850, eni - 1900, hündürlüyü isə, 1500 millimetrdir.

Münxendə keçirilən IAA Mobility sərgisində avtomobili şirkətin baş dizayneri Oliver Ştefani təqdim edib. Formal olaraq, bu obraz Modern Solid üslubunun təmiz xətlərə malik olan növbəti iterasiyasıdır, lakin yeni Tech-loop "üzü" ilə: yuxarıda yerləşən nazik optika və aktiv çəpərcikləri olan aşağı hava girişi qapalı konturda birləşiblər.
Axarlığı təmin etmək üçün şüşə silənlər qalxanın altında gizlədiliblər, qapı tutacaqlarının yerinə isə, sensorlar quraşdırılıb. Şarj portları avtomobilin hər iki tərəfində yerləşirlər.

İnteryer də Skoda üslubunda bir inqilabdır. Ön paneldə 1,2 metr enində passiv displey (cihazlar panelinin və media sisteminin məlumatlarını göstərir), həmçinin mərkəzi sensorlu ekran var.
Multimedia sistemini oturacaqlar arasında yerləşən konsoldakı şayba və ya Laura səs köməkçisi ilə idarə etmək olar. Bütün interyer təkrar emal olunan materiallardan hazırlanıb, şəbəkəli başlıqlar 3D printerdə çap olunub, adaptiv kontur işıqlandırması da var.

Yeni Simply Clever həllərinə qapılardakı açılan stəkan tutacaqları, quraşdırılmış soyuducusu olan mərkəzi qutu, portativ Bluetooth dinamiki, çətirlər üçün dörd yuva və şarj kabeli üçün baqajın yan divarındakı bölmə daxildir.
Bölmə 650 litrlik həcmə malikdir, arxa odivanın qatlanması halında həcm 1700 litrə qədər artır: bu rəqəmlər indiki Octavia Combi universalının göstəriciləri ilə demək olar ki, eynidir.
Bəs Skoda Vision O nə vaxt seriya avtomobilinə çevriləcək? Bu tezliklə baş verməyəcək. Belə bir Octavia universalının peyda olması yalnız yaxın onillikdə, yəni 2030-cu ildən sonra gözlənilir.
Məhz buna görə də hələlik texniki detallar açıqlanmayıb: yalnız yeniliyin Volkswagen qrupunun tamamilə yeni platforması inşa olunacağı elan edilib. Bu o deməkdir ki, 2026-cı ildə debütü gözlənilən yeni nəsil Skoda Octavia modeli fərqli olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.