Volkswagen şirkətinin yığcam və əlçatan elektrik krossoveri layihəsi elə başlanğıcında çətinliklərlə üzləşib: 2021-ci ildə nümayiş etdirilən ID.Life konsepti şou avtomobili olaraq qalıb. Keçən müddət ərzində şirkət gələcək elektromobillərin dizaynı və mövqeləndirilməsi ilə bağlı fikirlərini əhəmiyyətli dərəcədə yenidən nəzərdən keçirib. Buna görə də, indi Münxendəki IAA sərgisində Volkswagen ID.Cross adlanan tamamilə fərqli bir konsept göstərilib. O, artıq gələcək seriya elektromobilinə maksimal dərəcədə yaxındır.

Format baxımından o, daxiliyanma mühərrikli Volkswagen T-Cross krossoverinin analoqudur: elektromobilin uzunluğu (4161 millimetr), hündürlüyü (1588 millimetr) və təkər bazası (2601 millimetr) demək olar ki, yanacaqlı modellə eynidir. Ancaq ID. Cross benzin analoqundan 79 millimetr daha enlidir: 1839 millimetr. Konsept 21-düymlük təkər diskləri və yan tərəflərində onların dizaynını davam etdirən tərtibata malik olan xüsusi Goodyear şinləri ilə təchiz edilib.

Elektrik avtomobilləri üçün ayrıca dizaynla eksperimentlər arxada qalıb, indi Volkswagen güc qurğusunun növündən asılı olmayaraq, bütün modellər üçün ənənəvi dizayn üslubunu təkmilləşdirməyə davam edir. Dizaynın yeni iterasiyası Pure Positive adlanır və o, tanış xüsusiyyətləri (düz pəncərə xətti, arxa dam dirəklərinin xarakterik mailliyi) ön tərəfdəki “təbəssüm” ilə birləşdirir: tərtibatçılar sanki ID.Cross ətrafdıkalara gülümsəyir kimi vizual effekt əldə etməyə çalışıblar.

Beşyerlik konseptual salonun tərtibatında yumşaq parçadan geniş şəkildə istifadə olunub, sükan çarxında və ön panelin mərkəzində analoq düymələri, hətta bitki örtüyünün məskunlaşdığı böyük mərkəzi qutu var. Eyni zamanda, burada ümumi minimalizmi, ayrıca ekranları olan cihazlar panelini (11 düym) və media sistemini (13 düym) görmək mümkündür. Bütün oturacaqlarda yataq yerlərini təşkil etmək üçün qatlanan arxa dayaqlar var. Geniş döəməaltı sayəsində baqajın həcmi (450 litr) bu sinif üçün təsiredicidir. Kapotun altında əlavə 25 litrlik bölmə təşkil olunub.

Əvvəlcə nəzərdə tutulduğu kimi, yığcam elektrik krossoveri ön oxda elektrik mühərriki olan sadələşdirilmiş MEB+ platformasında (əvvəllər MEB Entry adlanırdı) inşa edilib. Konsept 211 at qüvvəli mühərrikə, təxmini 420 kilometrlik gediş məsafəyəsinə və 175 km/saatlıq maksimal sürətə malikdir. Volkswagen ID. Cross 1200 kiloqrama qədər çəkisi olan qoşquları yedəyə ala biləcək, həmçinin yeni nəsil Travel Assist avtopilotuna sahib olacaq.
Hələlik bu qədər. Krossoverin seriya versiyası 2026-cı ilin yayında buraxılmalıdır. Onun konseptdən çox da fərqlənməyəcəyi gölənilir. Gələcək Volkswagen ID.Cross krossoveri ID.Polo hetçbeki ilə birlikdə vahid elektrik ailəsini təşkil edəcək. 2027-ci ildə isə, onlara daha yığcam və daha əlçatan model qoşulmalıdır ki, onun carçısı ID. Every1 konsepti hesab edilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.