Bu yaxınlarda loqotipini və digər identifikatorlarını dəyişdirən Britaniya brendi dekabrın 2-də Mayamidə debüt edəcək konsept avtomobilinin rəsmi tizerini paylaşıb. Yenilik 2030-cu ilə qədər bazara çıxacaq üç seriya Jaguar elektromobilindən birinin carçısıdır. Tizerdə, Polestar 4 modelindəki kimi arxa pəncərəsi olmayan konseptin bir hissəsi göstərilir.

Jaguar daxili yanma mühərrikindən tamamilə imtina edilməsi və elektromobillərin istehsalına keçid ərəfəsində köklü rebrendinqi həyata keçirib. Britaniya brendi rebrendinqin bir hissəsi olaraq, loqotipini, korporativ şriftini və şüarını dəyişdirib. Sonuncu indi Copy Nothing kimi səslənir və brendi onun yaradıcısı Uillyam Layonsun ideallarına - əsl fərdiliyə və özünəməxsus yaradıcı təfəkkürünə qaytarmaq məqsədi daşıyır.

“Yeni dalğanın” ilk avtomobili Design Vision adlı konsept olacaq – bu, GT sinifindən olan və tizerdə görünüşü qismən açıqlanan dördqapılı avtomobildir. Tizerdən göründüyü kimi, konsept bucaqlı kuzov xətlərinə, arxa “barmaqlığa” və arxa pəncərənin yerindəki tıxaca malik olacaq – buna bənzər həlli artıq Polestar 4 modelində görmək olar. Konseptin seriya versiyasının 2026-cı ildə işıq üzü görəcəyi və JEA platformasına əsaslanacağı məlumdur.

Dördqapılı Gran Turismo ilə yanaşı, Jaguar brendinin gələcək çeşidinə Bentley Bentayga modelinə meydan oxuyacaq lüks krossover, həmçinin Bentley Flying Spur ilə rəqabət aparacaq sedan daxil olacaq. Onların hamısı əlbəttə ki, elektrik dartması ilə hərəkətə gələcək və ilkin məlumatlara görə, 100 min funt sterlinqdən başlayan qiymətə malik olacaqlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.