Jeep şirkəti Wagoneer və Grand Wagoneer flaqman modellərini 2021-ci ildə təqdim edib. Odur ki, planlaşdırılmış restylinqin keçirilməsinin vaxtı gəlib çatıb. Əslində, yenilənmiş Wagoneer modelinin ilk təsviri hələ avqust ayında yayımlanmışdı, indi isə, ofrouderin başqa görünüş ilə yanaşı, yenidən işlənmiş model çeşidinə və hibrid güc aqreqatına malik olacağı aşkarlanıb.
Debüt zamanı flaqman Wagoneer və Grand Wagoneer modelləri Jeep modelinin qalan hissəsindən ayrıca mövqeləndirilmişdi. Məsələn, onların kuzovlarında böyük “Wagoneer” yazıları vardı, lakin “Jeep” emblemləri yox idi. Məhz flaqman modelinin fərqliliyini vurğulamaq üçün, onu iki modifikasiyada (adi və Grand) təklif edirdilər.

Əslində, Wagoneer və Grand Wagoneer modelləri eyni kuzovu paylaşır və yalnız xırda dekor, habelə təchizatları ilə fərqlənirdilər. İndi bu mövqeləndirmədən imtina edilib: ofrouderlərin kuzovlarında “Jeep” nişanları peyda olub, standart Wagoneer isə, lazımsız olduğu üçün ixtisara salınıb. Artıq Grand Wagoneer amerikan markasının model xəttinə təkbaşına başçılıq edir.
Yenilənmiş Jeep Grand Wagoneer modeli Wagoneer S elektrik krossoverinin üslubunda tərtibata malik olan tamamilə yenidən işlənmiş ön tərəfi alıb. Faraların arasında brendin ənənəvi yeddi yuvalı dizaynını xatırladan işıqlı panel yerləşir, əsas hava girişi isə, aşağıda, bamperdə yerləşir.

Yan tərəflərdə T-formalı gündüz hərəkət işıqları quraşdırılıb. Arxa tərəfdə isə, dəbli monofənər peyda olub. Diametri 18 ilə 22 düym arasında dəyişən bir neçə yeni dizaynlı təkər diskləri mövcuddur. Qeyd etmək gərəkdir ki, Jeep Grand Wagoneer artıq ekoloji cəhətdən zərərli olan xrom dekordan tamamilə azaddır.
Yeni kuzov dəsti sayəsində standart ofrouderin uzunluğu 5435-dən 5488 millimetrə qədər artıb. Uzunbazalı Grand Wagoneer L versiyasının uzunluğu artıq 5,794 millimetr ( + 38 millimetr) təşkil edir və o, artıq birbaşa rəqibi olan Escalade ESV modelini (5,766 millimetr) ötüb.

Yenilənmiş Grand Wagoneer modelinin təkər bazası dəyişməyib - 3124 millimetr (Grand Wagoneer L modelində - 3302 millimetr). Jeep Grand Wagoneer ofrouderinin interyeri əsasən dəyişməyib, Uconnect5 məlumat-əyləncə sisteminin əvvəlki 10,1 düymlük baza displeyi daha yüksək səviyyəli modifikasiyalarda quraşdırlan 12,0-düymlük ekranla əvəz olunub.
Yüksək təchizatlı versiyalar genişləndirilmiş baxış bucağı və təkmilləşdirilmiş qrafikaya malik olan yeni proyeksiya displeyini alıblar. İnteryer tərtibatında yeni material və rəng birləşmələrindən istifadə olunur. Məsələn, dekorativ örtmələr indi tünd mumlanmış qoz ağacından hazırlana bilərlər.

Əsas texniki yenilik ardıcıl hibrid güc aqreqatıdır. O, əvvəlcə Ramcharger pikapı üçün nəzərdə tutulsa da, onu ilk alan Jeep Grand Wagoneer modeli olacaq. Bunun səbəbi pikapın istehsalının bir neçə dəfə təxirə salınmasıdır. Kapotun altında 130 kilovatlıq (177 at qüvvəsi) generatoru fırladan və təkərlərə qoşulmayan 3,6-litrlik V6 atmosfer mühərriki var.
Ofrouder ümumi hasilatı 656 at qüvvəsi və 840 Nm olan iki elektrik mühərriki (hər oxda biri) ilə təchiz edilir. Belə versiya 60 mil/saat (97 km/saat) həddinə cəmi beş saniyəyə sürətlənir. Hibriddə nəhəng 92 kilovat/saatlıq dartma batareyası quraşdırılıb, lakin sırf elektrik dartması ilə qət edilən gediş məsafəsi açıqlanmayıb. Bununla belə, ümumi məsafənin 805 kilometrdən çox olduğu bildirilir.

Bununla belə, bazara ilk çıxan Hurricane seriyasından olan sıralı altısilindrli biturbo mühərriki (426 at qüvvəsi, 635 Nm) və səkkiz pilləli avtomatik transmissiya ilə təchiz edilən modifikasiyalar olacaq.
Başlanğıc səviyyəli versiyalar arxa ötürməlidirlər, tam ötürmə isə, əlavə ödəniş müqabilində əldə edilə bilər. Quadra-Trac I transmissiyası ön oxu qoşan muftaya malikdir, Quadra-Trac II azaldığı ötürmə ilə tamamlanıb, Quadra-Drive II isə, əlavə olaraq elektron idarələnən arxa differensial kilid ilə təchiz olunur.
Yenilənmiş Jeep Grand Wagoneer ofrouderinin istehsalına cari ilin sonuna qədər başlanmalıdır. Qiymətlər artıq açıqlanıb: arxa ötürməli standart modelin qiyməti 62 000 dollardan başlayır, ən dəbdəbəli uzunbazalı tamötürməli versiya üçün isə, 96 400 dollar tələb olunur.
Plagin hibridə malik olan Grand Wagoneer modelləri 2026-cı ilin yayına qədər debüt etməlidirlər, çünki Ramcharger pikapının debütü bu tarixə planlaşdırılıb. Jeep artıq yenilənmiş Grand Wagoneer ofrouderini gediş uzadıcısı olan ilk amerikan elektromobili adlandırıb, odur ki, onun debütünü gecikdirmək olmaz.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.